Modern.az

Pambıq sahələrinə trixoqramma həşəratı buraxılıb - FOTO

Pambıq sahələrinə trixoqramma həşəratı buraxılıb - FOTO

Aktual

4 İyul 2024, 12:58

Salyan rayonunda Dövlət Sort Sınaq Məntəqəsinin pambıq sahəsində zərərli orqanizmlərə qarşı bioloji mübarizənin üstünlüklərinə dair tarla seminarı keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşları, “Azərpambıq” MMC-nin, MKT şirkətinin mütəxəssisləri və bölgə fermerləri iştirak ediblər.

 

Tədbirdə Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Entomofaqların istehsalı şöbəsinin müdiri Mehrəli Mehrəliyev bioloji mübarizənin əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, son dövrlər bitkiləri zərərverici və xəstəliklərdən qorumaq üçün əsasən kimyəvi mübarizə üsulundan istifadə olunur. Kimyəvi mübarizə üsulu çox təsirli ola bilər, lakin bu üsul həm bitkilər, faydalı həşəratlar, quşlar və heyvanlar, həm də ətraf mühit və insan sağlamlığı üçün zərərsiz deyil. Bu baxımdan zərərvericilərə qarşı mübarizədə ekoloji cəhətdən təhlükəsiz və iqtisadi cəhətdən səmərəli hesab edilən bioloji üsuldan istifadə mühüm əhəmiyyət daşıyır. Fermer və sahibkarların əvvəlki illərlə müqayisədə bioloji mübarizə üsuluna marağı daha da artıb.

 

Qeyd olunub ki, Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Entomofaqlar istehsal sahəsi tərəfindən respublikanın pambıqçılıq rayonlarında pambıq sovkasının təbii düşməni və zərərvericinin yumurtası ilə qidalanan parazit həşərat olan trixoqrammadan istifadə edilməklə pambıq sovkasına qarşı mübarizə tədbirləri həyata keçirilir. Belə ki, Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən aparılan müşahidələrə əsasən pambıq sovkasının yumurtalarına qarşı Beyləqan rayonunda “Azərpambıq” MMC-yə məxsus olan 3140 hektar, Sabirabad rayonunda 2700 hektar, MKT şirkətinə məxsus 4713 hektar, Ağcabədi rayonunda 5040 hektar pambıq sahəsində trixoqramma ilə bioloji mübarizə tədbirləri aparılıb. Tədbirlər davam etdirilir.

 

Tədbirdə ətraf mühit, insan və bitki sağlamlığının qorunması üçün zərərvericilərə qarşı mübarizə zamanı yüksək toksikli pestisidlərdən istifadənin azaldılmasında bioloji mühafizə vasitələrdən istifadənin əhəmiyyəti qeyd edilib. Sonda Dövlət Sort Sınaq Məntəqəsinin pambıq sahələrinə pambıq sovkasına qarşı bioloji mübarizə məqsədilə trixoqramma həşəratı buraxılıb.

 

Qeyd edək ki, bioloji mübarizə üsullarından olan trixoqramma tüfeylisi Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Entomofaqlar istehsal sahəsinin laboratoriyasında çoxaldılır və tarlalara buraxılır. Trixoqramma vasitəsilə həyata keçirilən bu bioloji mübarizə üsulunun qarğıdalı, tərəvəz bitkiləri və meyvəçilikdə də istifadə olunması məqsədəuyğundur. Bioloji mübarizədən istifadə kimyəvi preparatların tətbiqinin məhdudlaşdırılmasına, məhsulun maya dəyərinin aşağı düşməsinə səbəb olur, nəticədə keyfiyyətli və təhlükəsiz məhsul əldə edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi