Modern.az

Deputatlığa namizədlər psixloloji testdən keçsinlər - TƏKLİF

Deputatlığa namizədlər psixloloji testdən keçsinlər - TƏKLİF

Aktual

5 İyul 2024, 12:15

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirləcək. Mərkəzi Seçki Komissiyası (MSK) yaxın günlərdə deputatlığa namizədliyi irəli sürülən şəxslərdən sənədlərin qəbuluna başlayacaq.

Heç şübhəsiz ki, bu marafona qoşulanlar sırasında ən müxtəlif xarakterli insanlar görə biləcəyik. Mümkündür ki, onlar arasında sağlamlıq durumu ilə bağlı problem yaşayanlar da olacaq. Bəzi ekspertlər bunu nəzərə alaraq, deputatlığa namizədliyi irəli sürülənlərin psixoloji vəziyyətlərinin diqqətdə saxlanılmasını vacib sayırlar.
 
Onlar həm də əvvəlki çağırışlarda Milli Məclisin üzvləri olmuş bəzi deputatların aqressiv və xoşagəlməz hərəkətlərini yaddan çıxarmamağı xatırladırlar.

Modern.az mövzuya münasibət öyrənib.

Psixoloq Gülər Məmmədovanın sözlərinə görə, cəmiyyət onları parlamentdə təmsil etmək istəyən şəxslərin psixologiyasında qeyri-adekvat hərəkətlər görürsə, həmin şəxsləri seçki marafonundan kənarlaşdırmalıdır:

“Bəzən insanın daxilində psixoloji gərginliklər olur. Bu vəziyyət müəyyən situasiyalarla ortaya çıxır. Bəzi insanlar özlərindən ixtiyarsız şəkildə həyəcanlanan zaman psixoloji durumlarını ortaya qoymuş olurlar. Cəmiyyət qəbul edə bilmədiyi şəxsi necə deputat seçsin?! Şəxsin psixoloqa müraciət edib-etməməsi artıq öz fikridir. Əgər şəxs dövlət qurumunda xalqına xidmət etmək, aparıcı bir qüvvə olmaq istəyindədirsə, yəqin ki, psixoloji olaraq öz-özünü sakitləşdirməlidir. İnsan özündə bunu görmürsə, deməli ciddi problemləri var. Bu cür insanlar cəmiyyət tərəfindən qiymətləndirilmir, yüksəlişi bir yerə qədər mümkün olur. Onlardan daha yüksəkdə olan şəxslər bu cür aqressivliyi düzgün dəyərləndirərək, vəzifədən uzaqlaşdırırlar. Ona görə də insan ilk növbədə özünün psixoportretini bilməli, analiz etməlidir. Düşünməlidir ki, müəyyən problemi varsa, idarəetmədə səhvlərə yol verə bilər.
Təbii ki, bu şəxslər məhz psixikalarını düzgün idarə edə bilmədikləri üçün yuxarı pillələrə ucala bilmirlər. Ona görə də yaxşı olar ki, bu cür insanların ətrafı onlara müəyyən mənada təsir etsin. Təsir edə bilmirlərsə, bu vəziyyətin çox irəli getmək kimi tendensiyası yoxdur”.


Siyasi şərhçi Oqtay Qasımov mövzu ilə bağlı bildirib ki, Azərbaycan vətəndaşları parlamentdə təmsil olunan şəxslərin bütün standartlara cavab vermələrini istəyir:
 

“Parlamentdə xalqı təmsil edən şəxs elmi bilikləri, təcübəsi, siyasi və mədəni davranışları ilə nümunə olmalıdır. Keçən çağırışda bəzi parlament üzvlərinin qeyri-etik, deputata yaraşmayan hərəkətləri təbii ki, təəssüf doğurucu haldır. Seçki zamanı qeyd etdiyim keyfiyyətlərlə yanaşı, onların sağlamlığı ilə bağlı da tam şəkildə məlumatların parlamentdə olması hesab edirəm ki, onun özünə xeyr gətirə bilən fakt ola bilər”.
 

Rəşid Qarayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi