Modern.az

ŞƏT çərçivəsində əməkdaşlığın Türk inteqrasiya proseslərinə töhfəsi - ŞƏRH

ŞƏT çərçivəsində əməkdaşlığın Türk inteqrasiya proseslərinə töhfəsi - ŞƏRH

Aktual

5 İyul 2024, 20:28

Prezident İlham Əliyev Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısında Fəxri qonaq qismində iştirak edib. Bu səfər 2022-ci ildə ŞƏT-in Özbəkistanda keçirilmiş Zirvə toplantısından sonra dövlət başçısının ardıcıl olaraq ikinci dəfə bu tədbirə dəvət alması Azərbaycanla təşkilata üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi hesab oluna bilər.

 

Modern.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında fəlsəfə doktoru Cavanşir Feyziyev söyləyib.

 

O qeyd edib ki, Azərbaycan ŞƏT-ə üzv olan dövlətlərin hər biri ilə ayrı-ayrılıqda ikitərəfli əsasda dinamik və faydalı qarşılıqlı münasibətlərə malikdir. Son 30 ildə Çin, Hindistan və Pakistan kimi böyük dövlətlərin hər biri ilə ticari-iqtisadi əlaqələri durmadan inkişaf etdirən Azərbaycan Şərq-Qərb qarşılıqlı əlaqələrində bağlayıcı həlqə kimi mühüm geostrateji əhəmiyyətə malikdir. Məhz bu amilə görə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Əlverişli coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr ilə Azərbaycan Respublikası Avrasiyanın mühüm nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək perspektivinə malikdir. Bu perspektivin reallaşdırılması üçün Azərbaycan son 20 ildə nəqliyyat-logistika infrastrukturuna iri həcmli sərmayələr yatırmaqla çoxsaylı layihələr həyata keçirib. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Ölkəmiz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq. Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir. Hazırda Azərbaycan tərəfdaşları ilə birlikdə Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyir. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artırılıb. Hazırda bütün dünyanın diqqət mərkəzində olan Orta Dəhliz Layihəsinin gələcək inkişafı bütövlükdə türk geopolitik regionu çərçivəsində aparılan inteqrasiya proseslərini daha da sürətləndirəcək və son nəticədə vahid siyasi, iqtisadi və mədəni türk məkanının formalaşmasına böyük töhfə verəcək. Bütün bunlar Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsini zəruri edir.

 

ŞƏT-in Zirvə görüşündə Prezident İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, ÇXR-in sədri Si Cinpin, Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə üçtərəfli görüşlər keçirdiyini xatırladan C.Feyziyevin sözlərinə görə, Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycanı bağlayan ən mühüm amillərdən biri də Mərkəzi Asiyanın 3 türk dövləti – Qazaxıstan, Özbəkistan və Qırğız Respublikasının bu təşkilatın tamhüquqlu üzvləri olmasıdır. Mərkəzi Asiya türk ölkələri ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində aparılan inteqrasiya prosesləri digər beynəlxalq platformalarda əməkdaşlıqla daha da gücləndirilir və dərinləşdirilir. ŞƏT-ə üzv olan dövlətlərin bir qismi ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olan ölkə kimi Azərbaycan təşkilatın bütün üzvləri ilə əməkdaşlıq münasibətlərini daha yüksək səviyyəyə qaldırmaq və ölkəmizin qlobal miqyaslı problemlərin müzakirələrində fəal rolunu təmin etmək əzmindədir. Bu il Azərbaycanda keçiriləcək COP29 tədbirinə hazırlıq və il ərzində keçirilmiş tədbirlər haqqında Zirvə görüşünün iştirakçılarına ətraflı məlumat verən Prezident İlham Əliyev ŞƏT üzvləri olan dövlət başçılarını da bu qlobal tədbirlərdə iştirak etmək üçün Azərbaycana dəvət edib.

 

“Bütün bu tədbirlər qardaş ölkə Qazaxıstanın paytaxtı Astanada baş tutdu. Son iki ildə Prezident İlham Əliyev artıq Qazaxıstana dörd dəfə səfər edib. Həmin müddətdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də Azərbaycana üç dəfə səfər edib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin səviyyəsi də davamlı olaraq artmaqdadır. Vahid ailə hesab etdiyimiz türk dünyasının bu iki dövləti arasında müttəfiqlik əlaqələri bütün səviyyələrdə və ölçülərdə genişlənməkdədir. Bu da, öz növbəsində, Türk Dövlətləri Təşkilatı çərçivəsində daha sıx inteqrasiyaya aparan siyasətin ifadəsidir”, - deyə fəlsəfə doktoru vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Pezeşkian Güney azərbaycanlılarla görüşdü-Möhtəşəm görüntülər