Xəbər verdiyimiz kimi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-a işgüzar səfər edib.
Bayramov NATO-nun Vaşinqtonda keçiriləcək sammitində iştirak edəcək, həmçinin bir sıra yüksək səviyyəli ikitərəfli görüşlər keçirəcək.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da Vaşinqtondadır. Mirzoyan NATO-nun tərəfdaşlar formatında keçiriləcək sammitində və təşkilatın 75 illiyinə həsr olunmuş əlaqədar tədbirlərdə iştirak edəcək. İkitərəfli görüşlər də planlaşdırılır.
Modern.az-ın məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü ilə bağlı hələ ki razılıq yoxdur.
Azərbaycan tərəfdən də Bayramovla Mirzoyan arasında görüşün planlaşdırılıb-planlaşdırılmadığı barədə məlumat verilməyib.
Qeyd edək ki, NATO-nun sammiti iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək.
Xatırladaq ki, ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bir neçə gün öncə bildirmişdi ki, Ermənistanla Azərbaycan arasında davam edən müzakirələr rəsmi Vaşinqton üçün prioritetdir.
“Cənubi Qafqaz problemləri kontekstində bu, bizim üçün prioritet məsələdir. Biz Vaşinqtonda keçiriləcək NATO sammiti çərçivəsində konkret görüşlər və problemlər üzərində işləməyə davam edəcəyik”, - Vedant Patel əlavə edib.
A.Qorxmaz