Modern.az

Çinlə Azərbaycan arasında əlaqələrin inkişafı məmnunluq doğurur

Çinlə Azərbaycan arasında əlaqələrin inkişafı məmnunluq doğurur

Aktual

11 İyul 2024, 00:15

“Azərbaycanla Çin arasında münasibətlər uğurla inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının lideri Si Cinpin arasında dostluq münasibətləri ölkələrimizin qarşılıqlı əlaqələrinin güclənməsində müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, bu yaxınlarda Astanada keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində dövlət başçılarımızın görüşü zamanı strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair birgə Bəyannamə qəbul edilib. Bu sənəd Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. Çin COP29-un ölkəmizdə keçirilməsini də yüksək səviyyədə dəstəkləyir”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, COP29-un keçirilməsi üzrə Təşkilat Komitəsinin üzvü Fatma Yıldırım deyib.

 

Deputat bildirib ki, dövlət başçılarının Astana görüşünün ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və əməkdaşlığın yeni inkişaf perspektivlərini müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyəti var. Təqdirəlayiq haldır ki, görüşdə Çin Xalq Respublikasının lideri ölkəsinin COP29-da yüksək səviyyədə təmsil olunacağını deyib. Eyni zamanda, COP29 çərçivəsində nümayəndə heyətlərimizin yaxından əməkdaşlıq etməsinin önəmi qeyd olunub. Yeri gəlmişkən, Çin Xalq Respublikası da bu gün ekologiyanın qorunması, yaşıl iqtisadiyyatın inkişafına böyük önəm verir. 6-7 iyul tarixlərində Çinin Tsindao şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Yaşıl İnkişaf üzrə Forumunun keçirilməsi də bunu təsdiqləyir. Bu tədbirdə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin rəhbərliyi ilə mən, deputat həmkarlarım Elnur Allahverdiyev və Soltan Məmmədov iştirak etdik. Forumun başlıca məqsədi yaşıl inkişaf, mehriban qonşuluq və təbiətlə insanların harmonik münasibətinə töhfə verməkdən ibarətdir. Çin Xalq Respublikasının Ekologiya Nazirliyi tərəfindən təşkil olunan iki günlük tədbirdə müxtəlif ölkələrdən 350 nəfər iştirakçı texnoloji proseslərin təsiri nəticəsində dünyada baş verən iqlim dəyişikliklərini və ətraf mühitin çirklənməsini müzakirə ediblər. Forumun üzvü olan ölkələr yaşıl inkişafa öz töhfələrindən bəhs ediblər. Tədbirdə eləcə də, “Yaşıl inkişaf yolunda birgə irəliləmə, insan və təbiətin harmonik mövcudluğunun təşviqi” mövzusunda müzakirələr aparılıb, Azərbaycanın COP29-da sədrliyi çərçivəsində ətraf mühitin mühafizəsinə və yaşıl inkişaf istiqamətlərindəki fəaliyyətə nəzər salınıb. “Deputat həmkarlarım tədbirdə mövzu ilə əlaqədar çıxış edərək mövqelərini bildirlər. Mən də “Yaşıl inkişaf yolunda birgə irəliləmə, insan və təbiətin harmonik mövcudluğunun təşviqi” mövzusundakı müzakirələr panelində “Azərbaycanın yaşıl inkişafı və COP29 konfransına hazırlıq" mövzusunda çıxış etdim. Çıxışımda qeyd etdim ki, Azərbaycanın COP29-a ev sahibi seçilməsi ölkəmizə beynəlxalq miqyasda yüksək etimadın göstəricisidir.

 

Azərbaycan artıq beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində özünə böyük nüfuz qazanıb. Bu mötəbər tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatı nə dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya sübut edəcək. Tədbirin Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa və asan çatdırılmasına böyük təkan verəcək. COP29-da iştirak edəcək dünya liderləri Azərbaycanın dinamik inkişafına əyani surətdə şahid olacaqlar ki, bu amil dövlətimizin beynəlxalq nüfuzunun daha da güclənməsini özündə ehtiva edəcək. Beynəlxalq ictimaiyyət bir daha Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizəyə nə qədər sadiq olduğuna şahidlik etmiş olacaqlar. Eyni zamanda, çıxışımda diqqətə çatdırdım ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına “ağıllı şəhər” və “ağıllı kənd” yanaşmalarının tətbiqi daxildir, eləcə də “yaşıl enerji zonası”nın yaradılması ekologiyaya mənfi təsirlərin azaldılması təşəbbüslərinə birbaşa yardım edəcək. Bütövlükdə, İkinci Qarabağ Müharibəsi bütün ekoloji perspektivi dəyişən, eləcə də iqlim dəyişikliyi və onun təsirləri ilə mübarizə baxımından dönüş nöqtəsi oldu. Azərbaycan öz şəhərlərini və təxminən 300 ədəd yaşayış məntəqəsini 30 illik işğaldan, meşələrinin, digər ekosistemlərin və biomüxtəlifliyin sistemli şəkildə yandırılmasından və məhv edilməsindən azad edib. Münaqişənin bitməsi təkcə Azərbaycan üçün deyil, həm də region üçün yeni iqtisadi imkanlar yaradır. Bundan əlavə, ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası region iqtisadiyyatının ümumi dekarbonizasiyasına görə əsas amil ola biləcək yeni yaşıl zonaların yaradılması üçün yeni üstünlüklər yaradıb”, -deyə Təşkilat Komitəsinin üzvü vurğulayıb.

 

Fatma Yıldırım Forum çərçivəsində Çinin iqlim dəyişiklikləri ilə mübarizə və yaşıl iqtisadiyyatın inkişafı ilə bağlı gördüyü işlərin geniş təqdimatının olduğunu da diqqətə çatdırıb:

 

“Həqiqətən də, bəşəriyyət qlobal iqlim dəyişikliklərinə məruz qaldığı bir vaxtda Çin bu gün yaşıl iqtisadiyyata doğru qətiyyətli və təsirli addımlar atır. Çin biomüxtəlifliyin qorunmasını sosial-iqtisadi inkişafın ümumi planlarına daxil etmişdir. Çin yaşıl iqtisadiyyat qurmağa və biomüxtəlifliyin ədalətli və inklüziv idarəçiliyini təşviq etməyə doğru inamla irəliləyir. Cənab Si Cinpinin ekoloji sivilizasiya ideyası dünyanı bütün canlılar arasında harmoniya yaratmağa ruhlandırır”.

 

Deputat Milli Məclisin nümayəndələrinin sözügedən Foruma dəvət olunması Azərbaycan-Çin parlamentləri arasında da fəal əlaqələrin nümunəsi kimi dəyərləndirib. Hər iki ölkənin parlamentariləri qarşılıqlı səfərlər edir, qanunvericilik sahəsində təcrübə mübadiləsi aparır. Eləcə də, beynəlxalq təşkilatlar çərçivəsində də deputatlar əməkdaşlıq edirlər. Fatma Yıldırım parlamentlər arasında dostluq əlaqələrinin nümunəsi kimi bu il 14-16 may tarixlərində Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini xanım Şen Yueyuenin ölkəmizə səfərini xatırladıb. Səfər zamanı qonaq Milli Məclisin rəhbərliyi ilə görüş keçirib, eləcə də parlamentlərarası əlaqələrə dair geniş müzakirələr aparılıb. Həmçinin, qonaq ölkəmizin inkişafı ilə bağlı çox pozitiv fikirlər səsləndirib, dövlətlərimizin münasibətlərinin inkişafından məmnunluq ifadə edib.

 

“Bütövlükdə, iki ölkə arasında əlaqələrin inkişafı məmnunluq doğurur. Hesab edirəm ki, sözügeən Forumda da Azərbaycanın COP29-la bağlı hədəflərini və çağırışlarını təqdim edə bildik”,-deyə Təşkilat Komitəsinin üzvü vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok faktlar - Görün Nəcməddin Sadıkov 29 min pulla nə edib?