Modern.az

Xətai Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib - FOTO

Xətai Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib - FOTO

Aktual

11 İyul 2024, 10:00

Xətai Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.

 

Modern.az xəbər verir ki, konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, YAP Xətai rayon təşkilatının sədri,  "İki sahil" qəzetinin baş redaktoru Vüqar  Rəhimzadə, Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, ağsaqqallar, ziyalılar, şəhid valideynləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla anıblar.

 

Konfransda Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və hesabat dövrü ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovu və digər tədbir iştirakçılarını salamlayaraq  rayonda böyük nüfuz və hörmətə malik olan ağsaqqalların xidmətlərindən söz açıb. Ağsaqqalların Xətai rayonunun ictimai-siyasi və mədəni həyatında oynadıqları əhəmiyyətli roldan, onların qiymətli məsləhətlərinə və öyüd-nəsihətlərinə hər zaman ehtiyacın olmasından bəhs edib. Vurğulayıb ki, ağsaqqallar bizim üçün mayakdır və mövqeyindən, statusundan asılı olmayaraq hər bir kəs onlardan çox şey öyrənə bilər.  Rafiq Quliyev, həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün şəhər və rayonlarımızda olduğu kimi, Xətai rayonunda da həyata keçirilən geniş quruculuq işlərindən, inkişaf prosesindən ətraflı danışıb və  rayona, sakinlərə göstərdiyi yüksək diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlığını ifadə edib.

 

Sonra Xətai Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov təşkilatın hesabat dövrü ərzində həyata keçirdiyi fəaliyyət haqqında çıxış edib. Vurğulayıb ki, ağsaqqallar hesabat dövrü ərzində ölkəmizin, o cümlədən də rayonun ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edərək, Vətənimizin sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyətimizdə müxtəlif məsələlərin həllinə öz töhfələrini veriblər. Rayonun ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində, liseylərdə, eləcə də peşə təhsil mərkəzində gənclərlə silsilə görüşlər keçiriblər, onlarla maarifləndirici işlər aparıblar. Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin anım tədbirlərində iştirak edən Xətai Rayon Ağsaqqallar Şurasının üzvləri şəhid ailələrini, qazilərimizi bayramlarda və əlamətdar günlərdə ziyarət edərək onlara öz dəstəklərini göstəriblər. Mürvət Əsgərov onu da qeyd edib ki, ağsaqqallar “Heydər Əliyev İli” çərçivəsində rayonun icra hakimiyyəti və YAP rayon təşkilatı ilə birgə bir çox tədbirlər və əhəmiyyətli görüşlər keçiriblər, növbədənkənar prezident seçkilərində də fəal iştirak edərək xalqımızın vahid namizədi cənab İlham Əliyevin ən böyük dəstəkçilərindən olublar. Natiq hesabat dövrü ərzində Türkiyədə “Şəhid Ailələri Sosial Yardımlaşma və Həmrəylik Cəmiyyəti”nin üzvləri və şəhid ailələri ilə birlikdə iştirak etdiyi “Bayrağımız-bayrağınız, şəhidimiz-şəhidiniz” adlı tədbir barəsində də məlumat verərək çıxışının sonunda bildirib ki, biz ağsaqqallar gələcəkdə də Azərbaycanın inkişafı naminə əlimizdən gələni əsirgəməyəcəyik.

 

Daha sonra çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar  Rəhimzadə, Xətai Rayon Ağsaqqallar Şurasının sədr müavini, şəhid atası Meyvəddin Ramaldanov, İdarə Heyətinin üzvləri - Nizami Hüseynov, şəhid atası Bəylər Pənahov,  Cəbrayıl Şahlarov və Rayon Ağsaqqallar Şurasının digər üzvləri təşkilatın aktiv fəaliyyətindən bəhs ediblər. Şuranın İcra Hakimiyyəti və YAP-ın yerli təşkilatı ilə əməkdaşlıq şəraitində hayata keçirdiyi fəaliyyətdən söz açıblar. Cəmiyyətimizdə mövcud olan nöqsanlara qarşı daha ciddi işlərin görülməsinin vacibliyini vurğulayıblar. Əmin olduqlarını bildiriblər ki, Xətai rayonunun ağsaqqalları bundan sonra da aktiv fəaliyyətləri ilə Azərbaycan dövlətinin və cəmiyyətinin ikişafına xidmət göstərəcəklər.

 

Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdıraraq qeyd edib ki, ağsaqqallarla, xüsusilə də şəhid ataları olan ağsaqqallarla görüşdüyü üçün çox məmnundur. Öz canlarından keçərək Zəfər tariximizi yazan unudulmaz şəhidlərimiz və onların valideynləri, ailələri bizim üçün çox əzizdir. Sonra natiq Azərbaycan Ağsaqqallar Şurasının tarixi barədə məlumat verərək bildirib ki, təşkilatın əsas fəaliyyəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. “Ümummilli Liderimiz xalqımızın təkidli dəvəti ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra yeni inkişaf mərhələsinə qədəm qoyan ölkəmizin hər bir sahəsində, həmçinin Azərbaycan Ağsaqqallar Şurasında böyük canlanma yarandı. Xatirinizdədirsə, Ulu Öndər Heydər Əliyev Gəncə hadisələri zamanı Azərbaycanın ikinci ən böyük şəhərinə gedərkən o vaxt Respublika Ağsaqqallar Şurasının sədri olan akademik İmam Mustafayevi də özü ilə aparmışdı. Bu bir daha dahi liderin ağsaqqallara olan hörmətinin və etimadının göstəricisi idi” – deyə Əhliman Əmiraslanov bildirib. Natiq, həmçinin, vurğulayıb ki, Ümummilli Liderimizin qayğısı sayəsində daha aktiv və hərtərəfli fəaliyyət göstərən Azərbaycan Ağsaqqallar Şurası hazırda möhtərəm  Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən yüksək səviyyədə diqqət və qayğı ilə əhatə olunub.

 

Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı tarixi Qələbədən, Qarabağın və Şərqi Zəngəzurun bərpasından, orada həyata keçirilən böyük tikinti-quruculuq işlərindən,  keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə qayıdışından ətraflı bəhs edən Əhliman Əmiraslanov cəmiyyətimizdəki bəzi problemlərə də toxunub. Boşanma hallarının  ciddi şəkildə artmasından, cənub bölgələrimizdə daha çox rast gəlinən erkən nikahlardan, həmçinin bioloji qohumluğu olan şəxslər arasındakı evliliklər nəticəsində xəstə uşaqların dünyaya gəlməsindən və narkomaniyaya aludəçiliyin genişlənməsindən söz açan natiq  vurğulayıb ki, cəmiyyətimizdə mövcud olan bu problemlərə qarşı hər bir vətəndaş, xüsusilə ağsaqqallar öz maarifləndirici fəaliyyətləri ilə ciddi mübarizə aparmalıdırlar. Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxışının sonunda Xətai Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək dəyərləndirərək, təşkilatın gələcəkdə öz işlərini daha aktiv şəkildə davam etdirəcəyinə əmin olduğunu bildirib və bir həkim kimi ağsaqqallara möhkəm cansağlığı, uzun ömür arzulayıb.

Sonda xatirə şəkli çəkdirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ağadadaş Ağayevi döyən şəxs saxlanıldı