Modern.az

“Azərkosmos” “DynaSys Networks” ilə “Əşyaların interneti” sahəsində tərəfdaşlığa başladı

“Azərkosmos” “DynaSys Networks” ilə “Əşyaların interneti” sahəsində tərəfdaşlığa başladı

Aktual

11 İyul 2024, 13:56

“Azərkosmos” “Əşyaların İnterneti” (IoT) ekosisteminə malik texnologiya şirkəti olan “DynaSys Networks” ilə strateji tərəfdaşlığa başlayıb. Bu tərəfdaşlıq çərçivəsində “Azərkosmos” həm özünün, həm də müştərilərinin peyk rabitə infrastrukturunu “DynaSys”in hərtərəfli “IoT” platforması ilə inteqrasiya etmək imkanı qazanır. Öz növbəsində bu, “Azərkosmos”a Avropa, Afrika və Yaxın Şərq bölgələrindən olan tərəfdaşlarına “IoT” həlləri vasitəsilə əməliyyat səmərəliliyini artırmaq, resursların idarə edilməsini optimallaşdırmaq və yeni gəlir mənbələri yaratmaqda dəstək olacaq.

“Azərkosmos”dan Modern.az-a bildiriblər ki, əməkdaşlıq nəticəsində hər iki tərəf “ağıllı” şəhərlər, kənd təsərrüfatı, əmlakın izlənilməsi, gəmi donanmasının idarə olunması, ətraf mühitin davamlılığı və biznes proseslər üzrə tətbiq olunan xüsusi “IoT” həllərinin müəyyənləşdirilməsi və inkişafı istiqamətində birgə təşəbbüslər də irəli sürə biləcəklər.

Qeyd edək ki, “Azərkosmos” və “DynaSys” arasında əməkdaşlıq həm də Yerin müşahidəsi tətbiqlərini əhatə edir.

“Azərkosmos”un sədr müavini Fuad Aslanov vurğulayıb ki, “Azərkosmos” xidmət göstərdiyi regionlarda peyk rabitə infrastrukturu üzrə yenilikləri tətbiq etməkdə maraqlıdır. Onun sözlərinə görə, güclü rəqəmsallaşma məqsədi ilə birlikdə “IoT” həlləri üzrə liderlərdən olan “DynaSys” ilə əməkdaşlıq peyk bağlantısından daha geniş çeşiddə xidmətlər təqdim etməyə imkan verəcək.

“DynaSys Networks”un təsisçisi və baş icraçı direktoru Əli Axtar “Azərkosmos”la əməkdaşlıqdan məmnun olduğunu bildirib. “Biz “Azərkosmos”u dəstəkləməyə tam hazırıq, “IoT” ekosistemimiz vasitəsilə onların müştəri bazasının xeyrinə müxtəlif məlumat axınlarını səmərəli istifadə etməkdə birgə səy göstərəcəyik,” – deyə baş icraçı direktor əlavə edib.

Qeyd edək ki, “DynaSys Networks” Pakistan və Birləşmiş Ərəb Əmirliklərində məhsulun inkişafı və sistem inteqrasiyasında innovasiyaların təşviqinə yönəlmiş texnologiya startapıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ağadadaş Ağayevi döyən şəxs saxlanıldı