Modern.az

İçərişəhərlə bağlı elan edilmiş rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTO

İçərişəhərlə bağlı elan edilmiş rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTO

Aktual

11 İyul 2024, 14:28

Qədim İçərişəhər, onun adət-ənənələri, tarixi və bu günü ilə bağlı elan edilmiş rəsm müsabiqəsi başa çatıb. Azərbaycanın bir parçası olan bu qədim məkanı peşəkar və həvəskar rəssamların gözü ilə göstərmək, gənc rəssamların təxəyyülündəki İçərişəhərin ruhunu ictimaiyyətə təqdim etməyi məqsəd kimi qarşıya qoyan müsabiqəyə qatılanların da sayı yetərincə olub. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “#Icherisheherim” silsilə tədbirlər çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Rəssamlar İttifaqı ilə birgə təşkil etdiyi eyniadlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

 

Qoruq İdarəsindən Modern.az-a bildirilib ki, Bakı Fotoqrafiya Evində müsabiqənin qaliblərinin mükafatlandırılması və seçilən əsərlərdən ibarət sərginin açılışı olub.

 

Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, VI çağırış Milli Məclisin deputatları Fazil Mustafa, Ülviyyə Həmzəyeva, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektorları, Xalq rəssamları Səlhab Məmmədov və Fuad Salayev çıxış ediblər.

 

Bildirilib ki, iki ay davam edən müsabiqəyə ölkə üzrə 300-dən çox iştirakçı rəsm əsərləri təqdim edib. Qaliblər Xalq rəssamları Natiq Əliyev, Fərhad Xəlilov, Səlhab Məmmədov, Aydın Rəcəbov və Əliyar Əlimirzəyev tərəfindən seçilib. Ümumilikdə, seçilən 40 əsərdən 7-sinin müəllifi qalib elan olunub. Digər 33 əsərin müəllifləri isə müsabiqədə iştirakına görə diplomla təltif ediliblər. Müsabiqədə ilk 3 yerin qalibinə (I yer 1500 manat, II yer 1000 manat, III yer isə 500 manat) və 4 rəssama (əlavə həvəsləndirici mükafat qismində 250 manat) pul mükafatı təqdim edilib. Qalib iştirakçılara pul mükafatı ilə yanaşı, diplom və təşəkkürnamələr də verilib.

 

Müsabiqənin qalibləri sırasında ilk üç yeri müvafiq olaraq Fəxriyyə Əliyeva (“Şah sarayı”), Səidə Musayeva (“Qala izi”) və Nəzrin Xələfova (“Bakıda küləkli gün”) tutublar. Həvəsləndirici dörd mükafata isə Ramil Məmmədov (“İçərişəhərdə məscid”), Nəzrin Mütəllifli (“Yuxularda”), Rəşad Rzayev (“Buludlu bir gün”) və Samirə Vəliyeva (“Gecə karvanı”) layiq görülüblər.

 

Qeyd edək ki, qaliblər mükafatlandırıldıqdan sonra qonaqlar seçilmiş rəsm əsərlərindən ibarət “#Icherisheherim” sərgisi ilə tanış olublar.

 

Sərgi Bakı Fotoqrafiya Evində avqustun 10-dək ziyarətçilərə açıq olacaq. Sərgiyə giriş sərbəstdir.

 

Xatırladaq ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçirilən “#Icherisheherim” layihəsinin məqsədi UNESCO İrs Siyahısında yer alan və ortaq bəşəri dəyərimiz olan İçərişəhəri müxtəlif tərəflərdən təqdim etməkdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ağadadaş Ağayevi döyən şəxs saxlanıldı