Bu gün Aprel döyüşlərində şəhid olan "Murov Qartalı" ləqəbli şəhid polkovnik-leytenant Raquf Orucovun doğum günüdür. Şəhidimiz yaşasaydı, 52 yaşını qeyd edəcəkdi
Raquf Orucovun xanımı Sevinc Orucova şəhid polkovnik-leytenantla bağlı bəzi fikirlərini Modern.az-la bölüşüb.
Müsahibimizin sözlərinə görə, Raquf Orucovun doğum günü sanki onun şəhid olduğu tarixdir:
“Məhz həmin andan onu bütün Azərbaycan xalqı tanıyır, yad edir. İllər keçsə də, şəhidlər şəhadətə ucaldıqları yaşlarında qalacaqlar. Xalqımız hər zaman qəhrəmanlarını böyük ehtiramla, qürurla yad edir, edəcək. Belə qəhrəmanlardan biri də Raquf Orucovdur”.
S.Orucovanın sözlərinə görə, hər il Raquf Orucovun ad günündə müxtəlif tədbirlər keçirilir:
“Bu dəfə də Ağdam İdman Kompleksində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə respublika üzrə cüdo çempionatı keçiriləcək. Bizim yeniyetmə cüdoçularımız burada öz güclərini sınayacaqlar. Şəhidlərimizin xatirələrini yaşatmaq, qəhrəmanlıqlarını təbliğ etmək, gənc nəslə tanıtmaq hər birimizin missiyamız olmalıdır. Bu, onların xatirəsinə ən böyük ehtiram olar”.
Rəşid Qarayev