Modern.az

“20 ildir deyirəm, bunun sonu yaxşı bitməyəcək!” - Ekspertlər cəmiyyətdəki aqressiyadan DANIŞDILAR

“20 ildir deyirəm, bunun sonu yaxşı bitməyəcək!” - Ekspertlər cəmiyyətdəki aqressiyadan DANIŞDILAR

24 İyul 2024, 16:16

Son zamanlar ölkəmizdə insanlar arasında gərginlik, aqressiya özünü kəskin şəkildə büruzə verir. Elə götürək Xalq artisti Ağadadaş Ağayevin davranışını: tibb klinikasına balta atan müğənni gözətçi ilə əlbəyaxa olub.

İnsanların bu kimi davranışlarının səbəbləri nələrdir? Bunun üçün hansı tədbirlər görülməlidir? Sosial şəbəkələr və medianın burada rolu nə qədərdir?

Modern.az mövzuya ekspertlərin münasibətini öyrənib.

Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, Azərbaycanın və dünyanın hazırkı reallığında belə bəsit, məzmunsuz olaylara bu qədər diqqət ayırmaq, neqativ hadisələri, düşük söhbətləri diqqət mərkəzinə çəkmək son dərəcə məsuliyyətsiz davranışdır:


“Bütün bunlar yersiz və səviyyəsiz hərəkət olmaqdan əlavə, milli və ictimai baxımdan da çox ziyanlı addımlardır. Çünki bu cür qaramat yayan halların ən yolverilməz formalarda, ən iyrənc üsullarla gecə-gündüz gündəmdə tutulması ümumən Azərbaycanın dünyadakı Qalib və Məğrur obrazına, pak, ləyaqətli simasına kölgə salmağa yönəlir. Azərbaycan Mətbuat Şurası olaraq, sosial şəbəkə istifadəçilərinə və vətəndaş mediası fəallarına müraciətimizdə də vurğulandığı kimi, çağdaş dövrün əsas platformaları olan sosial şəbəkələr və vətəndaş mediası bu gün cəmiyyətin məlumatlandırılmasında əhəmiyyətli rol oynayır. Lakin bu platformalarda bəzi şəxslər azad mühitin imkanlarından sui-istifadə edərək etik qaydaları pozur, aşırı aqressiya və qərəz sərgiləyir, böhtan və təhqirə, vulqar ifadələrin işlədilməsi hallarına yol verir, kin və nifrət təbliğatçılarına çevrilirlər. Belə davranış tərzi verilən məlumatların ictimai çəkisini heçə endirməklə bərabər, ölkəmizin informasiya məkanına neqativ ab-hava gətirir, hətta bəzi hallarda hüquqi məsuliyyət yaradır”.
 


Sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, bu barədə 20 ildir danışır, amma nəticə çıxaran yoxdur:
 

“Cəmiyyətimiz günü-gündən mürəkkəbləşir, həssaslaşır. Belə bir vaxtda sosial problemlərin həlli ilə bağlı mexanizmlər dəyişməlidir. Elə mexanizmlər olmalıdır ki, istənilən sosial şəraitdə ahəngdar münasibət yaransın. Eyni qaydaları müxtəlif rayonlarda tətbiq etmək doğru deyil. Əsas problem odur ki, bir sıra sahələr özbaşına buraxılıb. Bununla bağlı elmi təminat lazımdır. Universitetlər sanki sosial işçi hazırlayır. Amma o universitetlərin dekanları, kafedra müdirləri ilə söhbət edəndə görürəm ki, sosial işçi hazırlamağın mahiyyətini dərk edə bilmirlər”.
 

Onun sözlərinə görə, bu işə ciddi yanaşmaq lazımdır. Cəmiyyət getdikcə mürəkkəbləşirsə, bizim savadlı sosial işçilərə ehtiyacımız var. Bu sosial işçilər də universiteti bitirib diplomu əlində saxlamamalıdır:

“Məhəllələrdə sahə müvəkkilləri olduğu kimi, sahələrə görə də sosial işçi qrupları olmalıdır. Bu qrup olarsa, öz sahələrində hadisələrin necə baş verdiyini, insanlara necə kömək etmək lazım olduğunu biləcək. Polis onlara ancaq nəzarət edir, amma sosial işçilər onların qayğısını öyrənəcək, müəyyən mövzularda kömək edəcək. Ona görə də günü-gündən mürəkkəbləşən cəmiyyətdə sosial iş xidmələri geniş olmalıdır. 20 ildir deyirəm ki, bunun sonu yaxşı bitməyəcək. Bu məsələlərə qeyd etdiyim xidmət qrupları yaranmasa, ölkədə gərginlik get-gedə artacaq. Bu məsələlərin elmi dəstəyə böyük ehtiyacı var. Azərbaycanda səhiyyə xidməti fiziki sağlamlığımız üçün nə dərəcədə lazımdırsa, sosial iş xidməti də sosial həyatımız üçün hökmən lazımdır. Bunu mən deyirəm və ancaq mən eşidirəm”.
 


Psixatr Azad İsazadə
bildirib ki, hər bir aqressiv davranışın altında konkret məişət problemi yaxud başqa problemlər dayanır:
 

“Bir şeyi başa düşməliyik ki, tək ölkəmizdə deyil, bütün dünyada aqressiya artır. Müharibələr gedir, insanlar ölür və görürük ki, dinc şəhərlərdə də döyüşlər davam edir. Bu da istər-istəməz gündəlik həyatımıza təsir göstərir. Biz özümüz də hiss etmədən daha aqressiv davranış nümayiş etdiririk. Nəticədə ümumi aqressiya artır. Əvvəldən də çox sakit olmayan insanlarda bu aqressiya qanun çərçivəsini pozur. Biz başa düşməliyik ki, bəzi proseslərə təsir edə bilmirik. Qarşısını ala bilmiriksə, ən azından onun mənfi təsirlərini azaltmaq üçün çalışmalıyıq. Söhbət müəyyən izahlardan, maarifləndirmə işlərindən gedir. Biz sakit olmalı, sakit reaksiyalar verməliyik. Bəzən görürük ki, hadisəyə göstərilən reaksiya hadisənin özündən daha güclü olur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri