Azərbaycanda ən çox müzakirə edilən ixtisaslardan biri də sosial iş ixtisasıdır. Bu ixtisas nə dərəcədə əhəmiyyətlidir? Ölkəmizdə bu ixtisasa maraq hansı səviyyədədir, iş tapmaq mümkündürmü?
Modern.az saytı mövzu ilə bağlı ekspertlərdən rəy öyrənib.
Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev bildirib ki, sosial iş Azərbaycan üçün yeni ixtisasdır:
“Bu ixtisas 2000-ci illərdə Azərbaycan ali məktəblərinin siyahısına salınıb. Sosial iş ixtisası qayğıya ehtiyacı olan insanlarla işləyən mütəxəssis hazırlayır. Bu qayğı müxtəlif səviyyədə reallaşır. Cəmiyyətin sosiohəssas qrupları ilə mikro, mezo, makro səviyyədə çalışan, onlarla işləyən mütəxəssislər sosial işçi adlanır. 2011-ci ildə qəbul olunan "Sosial xidmət haqqında" Qanunda da sosial işçi və sosial xidmətçi anlayışları var. Bu anlayışları qarışdırmaq olmaz. Sosial işçi həssas qruplarla bağlı sosial siyasətlə məşğul olan şəxsdir. Sosial xidmətçi isə ali təhsil almadan da bu fəaliyyəti yerinə yetirə bilər. Amma sosial işçi mütləq şəkildə 4 il ali təhsil almalıdır ki, mütəxəssis hesab olunsun. Bəzən şahidi oluruq ki, peşə məktəblərində, kolleclərdə sosial işçi hazırlığı həyata keçirilir. Bu "Sosial xidmət haqqında" Qanuna ziddir”.
Müsahibimizin sözlərinə görə, 2000-ci illərin əvvəllərində sosial iş təhsili layihə şəklində düşünülürdü:
“Azərbaycan 2004-cü ildə Avropa Sosial Xartiyasına qoşulmuşdu. Bu xartiyadan irəli gələrək bir sıra öhdəliklər götürən Azərbaycanda sosial istiqamətdə bəzi dəyişikliklər baş verirdi. Sosial sahədə insanlarla çalışan mütəxəssislərə çox ehtiyac var idi. Biz də həmin dövrdə Bakı Dövlət Universiteti olaraq müəyyən layihələrə qoşulduq. Bir sıra Qərb ölkələri ilə əməkdaşlıq edildi. 2005-ci ildə Azərbaycanda sosial işçi hazırlığına başlandı. İlk olaraq bu hazırlıq magistr pilləsində tətbiq olundu. Çünki sosial işçi hazırlamaq üçün mütəxəssislərə ehtiyac var idi. Biz də bunun üçün ilk olaraq magistr pilləsində mütəxəssis hazırlığına başladıq. 2008-ci ildə isə artıq bakalavr üzrə sosial işçi hazırlığına başlandı.
Bu gün sosial işin təhsil sahəsində və digər sahələrdə institutlaşması sürətlə şəkildə gedir. Azərbaycanda sosial işin müxtəlif sahələri üzrə mütəxəssis hazırlığı aparılır. BDU-da sosial işin bakalavr pilləsində Azərbaycan, rus və ingilis sektoru üzrə tədris həyata keçirilir. Magistr pilləsində 2 istiqamət üzrə: Həyat fəaliyyətinin müxtəlif sahələri üzrə sosial işçi hazırlığı və Gənclərlə sosial iş üzrə mütəxəssis hazırlığı aparılır. Bu tədris BDU-da başlanan zaman hələ Sosial iş kafedrası yox idi. 2017-ci idən başlayaraq isə ayrıca Sosial iş kafedrası açıldı və dərhal inkişafı üçün yollar axtarmağa başladıq. Sosial iş üzrə dissertasiya müdafiəsi üçün müvafiq qurumlara müraciət etdik. Nazirlər Kabinetinə müraciət etdikdən sonra Azəbaycanda sosial iş üzrə dissertasiya müdafiəsinə də nail olduq. Artıq bu ixtisas üzrə ölkəmizdə bakalavr, magistr, doktorantura pillələrində ali təhsil almaq mümkündür. Bu gün başda BDU olmaqla ali təhsil müəssisələrində yalnız yerli mütəxəssislər deyil, zaman-zaman xarici mütəxəssislər də bilik və bacarıqlarını tələbələrlə bölüşür”.
Ü.Şəfiyev qeyd edib ki, sosial işçi hazırlığı ilə bağlı diqqətə alınmalı olan bir sıra məsələlər var:
“İlk olaraq onu deməliyəm ki, kolleclər sosial işçi hazırlığı həyata keçirməsə, çox yaxşı olar. Çünki onların maddi-texniki bazası, kadr potensialı buna imkan vermir. Həm də bu, "Sosial xidmət haqqında" Qanuna uyğun gəlmir. Sosial işçi kadrlarını yalnız ali təhsil müəssisələri hazırlamalıdır. Digər mühüm məqam ondan ibarətdir ki, bu ixtisasın institutlaşması ilə bağlı daha başqa addımlar atılmalıdır. Bir sıra ölkələrdə həm dövlət, həm də özəl sektorda çalışan sosial işçilər barədə qanun var. Həmin ölkələrdə xidmt göstərən sosial işçilər akkreditasiyadan keçirilirlər. Bunun ölkəmizdə də həyata keçirilməsi üçün çalışmalıyıq. Bu gün ailələrlə, fərdlərlə, cəmiyyətin müxtəlif qrupları ilə işləyən sosial işçilərə ehtiyac var. Bu gün sosial işçi stat vahidi çox azdır. Halbuki ali təhsil müəssisələrimizdə bu ixtisasın tədrisi geniş şəkildə həyata keçirilir. Çox yaxşı olar ki, buna uyğun olaraq ştat vahidlərində də dəyişiklik edilsin, bütün dövət və qeyr-dövlət müəssisələrində sosial işçi ştatları yaradılsın. Hesab edirəm ki, bununla bağlı görüləsi işlər var və aparılır”.
Sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, Azərbaycanın bu gün savadlı, dürüst sosial işçiyə çox ehtiyacı var:
“Biz çalışmalıyıq ki, sosial sferamızda ahəngdar münasibətlər yaransın. İnsanlar əvvəl fiziki işlərə vaxt ayırırdı. İndi isə hər şey robotlaşıb, onlar insanları çox yaxşı əvəz edirlər. İnsanlarımız daha çox sosial sahədə olan problemlərə diqqət etməlidir. Texnikalar bu sahədə bizə kömək etmir. Bir çox şeylər var ki, insanların özünün qərar qəbul etməsinə ehtiyac var. Burada daha çox mənəvi amillər rol oynayır. Bu gün Azərbaycanda bütün sahələrdə sosial işçi ehtiyacı getdikcə artır. Cəmiyyət gedərək mürəkkəbləşir, həssaslaşır və bu işçilərə ehtiyac artır. Təəssüf ki, indiki vaxtda bu məsələlərə diqqət yetərincə deyil. Bəzi universitetlər bunun asan bir iş olduğunu düşünür. Özəl universitetlərdən biri bu ixtisas üzrə bir dəfəyə 100 nəfər qəbul etmişdi. Orada da bu ixtisası tədris edəcək yetərli kadr yox idi. Sosial işçi psixologiyanı yaxşı bilməli, sosial münasibətlər qurmağı bacarmalıdır. Günü-gündən aqressiya, qalmaqallar artır, insanlar bir-birini öldürür. Biz indiki vaxtda cəmiyyətin tələb etdiyi sosial iş xidmətlərini hazırlamamışıq. Bu sahədə görüləcək çox işlər var”.