Yeni Azərbaycan Partiyasının 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədi Ceyhun Valeh oğlu Məmmədov avqustun 19-da seçki kampaniyası çərçivəsində Mingəçevir şəhərində məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərlə görüş keçirib.
Tədbiri giriş sözü ilə açan YAP Cəbrayıl rayon təşkilatının sədr müavini Məhəmməd Əliyev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yola nəzər salaraq, xalqa, vətənə, dövlətçiliyə xidmət edən Partiyanın Ümummilli Lider Heydər Əliyev ideyalarına əsaslanaraq, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafana öz töhfələrini verdiyini diqqətə çatdırıb. Məhəmməd Əliyev qarşıdan gələn parlament seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu qeyd edib. YAP-ın bu seçkilərə “Yeni Dövrə Yeni Azərbaycanla” şüarı ilə qatıldığını qeyd edən Mehəmməd Əliyev partiyanın irəli sürdüyü namizədlərin ən layiqli namizədlər olduğunu diqqətə çatdırıb. Deputatlığa namizəd Ceyhun Məmmədov haqqında geniş məlumat verən Məhəmməd Əliyev onun fəaliyyətini yüksək qiymətləndirib.
Daha sonra Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Ceyhun Valeh oğlu Məmmədov Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün sahələrdə apardığı köklü islahatlar və görülmüş işlərin əhəmiyyəti haqqında seçicilərə məlumat verib. O, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında mühüm xidmətlərini vurğulayaraq, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin həyata keçirilməsi nəticəsində ölkəmizdə stabillik və əmin-amanlıq yaradıldığını, dərin islahatlar həyata keçirildiyini, xalqımıza firavan gələcək vəd edən iqtisadi uğurların təməllərinin qoyulduğunu, insan hüquq və azadlıqları təmin olunduğunu vurğulayıb. Bildirib ki, bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və həyata keçirilən islahatlar nəticəsində, dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub.
Ceyhun Məmmədov seçki platforması haqqında geniş məlumat verərək, vurğulayıb ki, ona göstərilən etimadı doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək.
Daha sonra görüşdə iştirak edən Azərbaycan Texniki Universitetinin professoru Eyyub Kərimov parlament seçkilərinin ölkəmizin siyasi həyatında mühüm hadisə olduğunu bildirib. Görüş iştirakçılarına deputatlığa namizəd Ceyhun Məmmədov haqqında geniş məlumat verərək, onun fəaliyyətini yüksək qiymətləndirib. Seçiciləri sentuabrın 1-də fəal olmağa, layiqli namizədə səs verməyə çağırıb.
Görüşün sonunda seçicilər onları maraqlandıran sualları deputatlığa namizəd Ceyhun Valeh oğlu Məmmədova ünvanlayıblar. Problemlər dinlənilib, həlli yolunda addımlar atılacağı bildirilib.