Modern.az

Zərif YUBİLYAR

Aktual

23 Avqust 2024, 13:45

Zəhra xanımı 1980-lərin əvvəlindən tanıyıram. Bu tanışlıq əvvəlcə qiyabi idi. Dövlət Televiziyasında 7 il fasiləsiz (1983-1990) hazırladığı “Zəriflik” adlı müəllif proqramının tiryakisi idim, aludə olmuşdum o verilişə bir çoxları kimi. Ana dilimizə hakimiyyəti, səlis və məlahətli danışığı, zəngin söz dağarcığı, ekran mədəniyyəti tamaşaçını valeh edirdi.

“Klassik musiqi haqda ancaq rus dilində danışılar” kimi bir tabunu yıxmışdı Zəhra xanım. Sovet təbliğat maşının intensiv işlədiyi o vaxt bunları etmək həm cəsarət tələb edirdi. Klassik musiqidən uzaq olanlar belə ekran qarşısına keçib ona qulaq verir, nəsə yeni bir şeylər öyrənmək istəyirdilər. Bəziləri də aparıcının nə danışdığına fikir vermir, onun daxili zənginliyi ilə kübar və əsalətli duruşuna baxırdılar.

“Zəriflik” bir yenilik, televiziya məkanımızdakı ilk müəllif proqramlarından biri idi. Virtuoz ifaçı olmaqla bərabər Zəhra xanım həm də musiqi tarixinin (musiqi ədəbiyyatı) gözəl bilicisi, gözəl zövqü olan son dərəcə incə bir qadındır. O prqram televiziya tariximizin ən gözəl mədəniyyət proqramlarından biri və bəlkə də birincisidir mənə görə. O vaxtın kasad, amma səliqəli efirində Zəhra xanım bir novator idi.


Zəhra Quliyeva o illərdə bir neçə dəfə qarşıma çıxmışdı şəhərdə, mən də yaxınlaşıb seyrici bəyənimi utandığımdan ifadə edə bilməmişdim. Qarşımda bir ulduz vardı – zərif, intellektual və heç kimə bənzəməyn. Yüzlərlə insan yaxınlaşıb heyranlıqlarını dilə gətirirdilər ona. O vaxtlar insanlar da fərqli idi, zövqləri də…

1992-ci ilin sonunda Ankarada akreditə olub, çalışmağa başladım.
1993-cü ildə isə Zəhra xanım köçdü Ankaraya.
Bilkent universitetində qarşılaşdıq təsadüfən. Məni tanımırdı, özümü təqdim etdim, qısa bir zaman sonra dostlaşdıq. Klassik orta musiqi təhsilimin olduğunu bildi, sözümüz də tutdu. Sonra məni böyük bacısı, əməkdar incəsənət xadimi, o illərdə Bilkənd universitetində çalışan professor Həcər Babayeva və onun həyat yoldaşı, tanınmış musiqişünas, pedaqoq, mərhum Elxan Babayevlə tanış etdi.

Zəhra xanım görkəmli ictimai-siyasi xadim, alim, xeyriyyəçi, Bilkent universitetinin qurucusu, professor İhsan Doğramacının təşəbbüsü ilə qurulan Bilkent Simfonik Orkestrində ifaçı kimi çalışmağa başladı. O, bu orkestrdə müəllimi, xalq artisti mərhum Sərvər Qəniyevlə çox əmək verdilər. Paralel olaraq isə universitetdə dərs deyirdi.

5 il sonra Zəhra Quliyeva Makao inzibati bölgəsinin (Çin) dəvətilə Kamera orkestrinə rəhbərlik etməyə başladı. Və bununla bizim ailəvi ünsiyyətimiz kəsildi. Sonralar mən İstanbula, o isə Makaodan Bakıya köçdü…

Bu gün, Zəhra xanımın yubileyidir. Səhər tezdən təbrik etmişəm. İndi isə ona 1995-ci ilin yanvarında çəkilmiş bir videonu göndərəcəm. Kimlər var bu videoda kimlər – İhsan Doğramacı, dahi bəstəkarımız Arif Məlikov, Türkiyədəki o zamankı səfirimiz, tanınmış diplomat, prof. Məmməd Əliyev, xalq artisti, dirijor Rauf Abdullayev, prof. Ersin Önay, Siruz Təbrizli, Ali Doğramacı, prof. Sərvər Qəniyev, prof. Zəhra Quliyeva, Fidan Qasımova, Şefika Kutluer, Gülnarə Qurbanova (Şıxəli Qurbanovun qızı) və b.
Zəhra xanımın ağ-qara fotosunu da o videodan “screen” etmişəm.

25 il keçib, amma Zəhra xanım heç dəyişməyib. Səsi də, gülüşü də, pozitivliyi və həyat eşqi də elə əvvəlki – 1980-lərdəki kimidir.

Əllərin dərd görməsin, Zəhra xanım! Çox yaşa, Bəxtəvər yaşa! Yubileyin mutluluqlar gətirsin sənə və gözəl ailənə!..

P.S. Bu gün görkəmli violin ustası, Xalq artisti, professor, qiymətli və zərif sirdaşım Zəhra xanım Quliyevanın ad gündür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi