Modern.az

Azərbaycan – Özbəkistan əməkdaşlığı türk inteqrasiyasının mühüm seqmentidir

Azərbaycan – Özbəkistan əməkdaşlığı türk inteqrasiyasının mühüm seqmentidir

Aktual

24 Avqust 2024, 15:09

Müstəqil Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatmaq üçün gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasət həyata keçirir. Bütün dövlətlər və xalqlarla sülh, dostluq şəraitində yaşamaq niyyətini dəfələrlə bəyan edən ölkəmiz ən mötəbər beynəlxalq təşkilatlarda təmsil olunaraq qarşılıqlı əlaqələrin genişləndirilməsi və bu münasibətlərin çoxşaxəli əməkdaşlığa çevrilməsi istiqamətində fəal iş aparır, dünyada və regionda sülhün, təhlükəsizliyin qorunmasına və möhkəmlənməsinə layiqli töhfələr verir. Sözü ilə əməli bir olan etibarlı tərəfdaş, dünyada əmin-amanlığın bərqərar olunmasına mühüm töhfələr verən, beynəlxalq aləmdə nüfuzu durmadan artan müstəqil Azərbaycanın bölgədə sülhün bərpası prosesində irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergücləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməkdədir.

 

Azərbaycanın həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət edir. Məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, xüsusilə də Özbəkistanla münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistanla ölkəmiz arasında əlaqələr son illərdə durmadan genişlənir.

 

Ortaq tarixə, mədəni mirasa, eyni etnik kökə, dinə malik olan Azərbaycanla Özbəkistanın dostluq, qardaşlıq münasibətləri dövlət müstəqilliklərini əldə etdikdən sonra daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqilliyin ilk illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub.

Bu gün həmin münasibətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu mənada, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunun göstəricisidir və səfərin əsas mahiyyətinə strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir. İki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi təmasları ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Bunun nəticəsində qardaş ölkələr arasında təşəkkül tapmış strateji tərəfdaşlıq günbəgün güclənməkdə və məzmunca daha da zənginləşməkdədir.

 

Bu gün Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir. Azərbaycan-Özbəkistan əlaqələri TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası və digər qurumlar çərçivəsində günbəgün genişləndirilir. Eyni zamanda, Özbəkistanda yüksək səviyyədə təşkilatlanmış Azərbaycan diasporu da bu əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.

 

Azərbaycan Respublikası Prezidentinin Özbəkistana dövlət səfəri dünyada yeni yaranmış geosiyasi hadislər fonunda xüsusi hədəflərə hesablanmış tarixi bir hadisədir. Səfər təkcə Azərbaycan-Özbəkistan əlaqələrini tamamilə yeni və strateji tərəfəfdaşlıq mərhələsinə yüksəltmir. Eyni zamanda Türk dünyasının inteqrasiyası və güclənməsi üçün real imkanlar yaradır. Səfər çərçivəsində prezidentlərin yeni əməkdaşlıq layihələrinin müzakirələri əsasında gələn ilin Özbəkistan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq ili elan edilməsi və 20 prioritet istiqaməti əhatə edən kompleks proqramın qəbul edilməsi razılaşdırılıb.

 

Nəqliyyat, kommunikasiya, enerji və digər infrastruktur layihələrini, o cümlədən çoxtərəfli əsasda həyata keçirməklə iki ölkə arasında qarşılıqlı asılılığın gücləndirilməsinin zəruriliyi qeyd edilib.

Tərəflər uçuşların sayını artırmaq, yerüstü və hava nəqliyyatında prosedurları mümkün qədər asanlaşdırmaq, rəqəmsal həlləri tətbiq etmək barədə razılığa gəliblər. Regionlararası əlaqələrin aktivləşdirilməsinin vacibliyi qeyd edilib. 2025-ci il üçün ayrıca regionlararası əməkdaşlıq planının, iki ölkənin regionlarının sənaye potensialının və infrastrukturunun inkişafı üzrə tərəfdaşlıq proqramının qəbul edilməsi və növbəti regional forumun Kokan şəhərində keçirilməsi nəzərdə tutulub.

Dövlət başçıları mədəniyyət və incəsənət, təhsil, səhiyyə, gənclər və informasiya siyasəti, idman sahələrində fəal mübadilənin davam etdirilməsi barədə razılığa gəliblər.

 

Özbəkistan lideri iki ölkənin aparıcı universitetlərinin rektorlarının mütəmadi görüşləri mexanizminin yaradılmasını, birgə media forumunun keçirilməsini təklif edib.

 

Dövlət başçıları beynəlxalq və regional gündəliyə dair fikir mübadiləsi apararaq çoxtərəfli strukturlar çərçivəsində fəal dialoqun davam etdirilməsi və qarşılıqlı dəstək məsələlərini müzakirə etməklə əldə olunmuş razılaşmaların vaxtında və keyfiyyətli icrası üçün “yol xəritəsi”nin qəbul edilməsini qərara alıblar.

 

Bir məqamı xüsusi vurğulamalıyıq ki, Qardaş Özbəkistan Vətən savaşındakı parlaq Qələbəmizə qədərki dönəmdə də hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini qətiyyətlə ifadə edib. Qürurvericidir ki, Özbəkistan artıq fəal surətdə azad Qarabağdakı quruculuq işlərinə qoşulub. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan dövlətinin vəsaiti hesabına Mirzə Uluqbəyin adını daşıyan böyük məktəb binası inşa olunub. Əminliklə söyləyə bilərik ki, Xankəndində nəzərdə tutulan yüngül sənaye müəssisəsinin yaradılmasına, bütövlükdə azad Qarabağda aparılan bərpa-quruculuq işlərinə bundan sonra da qardaş özbək xalqı və Özbəkistan dövləti daha böyük töhfələr verəcək, iki ölkə arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri hərtərəfli inkişaf edərək xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək.

 

Eyni soy-kökə, qədim tarixə və ortaq mədəniyyətə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış 160-dan çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Mərkəzi Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına mühüm töhfələr verməkdədir. Ümidvarıq ki, bu dəfə baş tutan növbəti dövlət səfəri Azərbaycan və Özbəkistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəldilərək daha da gücləndirilməsi və bütün sahələr üzrə hərtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından tarixi önəm kəsb edəcək.

 

Cavanşir Feyziyev

Fəlsəfə doktoru

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi