Qobustanda “Ailə üzvləri soyqırımına uğramış qadınlarla iş” mövzusunda tədbir keçirilib.
“Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ailə üzvləri soyqırımına uğramış qadınlarla iş” layihəsinin icrası davam edir. Belə ki, layihənin icra planına əsasən “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyi Qobustan Gənclər Evində 2 günlük tədbir keçirib. 2 günlük həyata keçirilən tədbirdə Qobustan rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rövşən Dəmirov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Surət Həsənov, “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri və sözügedən layihənin rəhbəri Ayşən Fəxrəddin qızı, layihənin psixoloqu Aysel Həmidova, 44 günlük müharibədən əziyyət çəkən ailələrin üzvləri, şəhid ailələri, şəhid anaları, qazilər, rayon ziyalıları iştirak edib.
Layihə rəhbəri Ayşən Fəxrəddin qızı layihə haqqında məlumat verərək bildirib ki, layihənin icrasının əsas məqsədi müharibənin törətdiyi fəsadlar nəticəsində psixoloji travma almış şəhid və veteran ailələrinə, xüsusilə də bu ailələrdən olan qadınlara psixoloji-sosial dəstək verməkdən ibarətdir.
Çıxışçılar müharibə dəhşətlərini yaşayan, ailə üzvlərini, yaxınlarını, doğmalarını itirən, fiziki-mənəvi və psixoloji xəsarət alan insanların hələ də psixoloji sarsıntının təsirini yaşadığın qeyd ediblər.
2 günlük Qobustan rayonunda həyata keçirilən tədbirlərdə İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, onların yaxınları, müharibədən zərər çəkənlərin ailə üzvlərindən ehtiyacı olanlara psixoloji dəstək işləri aparılıb.
“Ailə üzvləri soyqırımına uğramış qadınlarla iş” layihəsi çərçivəsində silsilə tədbirlər bir sıra digər rayonlarda da həyata keçiriləcək.
Qeyd edək ki, layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.