İZ Community Qadınlar Cəmiyyətinin təşkilatçılığı ilə 2-8 sentyabr tarixlərində saat 12:00-20:00 aralığında “Blue Mall” ticarət mərkəzində İZ EDU FEST adlı bir həftəlik təhsil festivalı keçiriləcək
Modern.az sözügedən festival barədə İZ Community Qadınlar Cəmiyyətinin təsisçisi Rəna Nəcəfzadə-Sadəddinova ilə həmsöhbət olub.
Onun sözlərinə görə, bu, İZ Community cəmiyyətinin sayca 9-cu festivalıdır:
“Cəmiyyətimiz pandemiya dövründə yaranıb. Əsas məqsədimiz qadın sahibkarları bir araya gətirmək, onlara dəstək olmaq və bizneslərini inkişaf etdirməkdir”.
R.Sadəddinova bildirib ki, sözügedən festival “Məktəbə qayıdış” mövzusuna həsr olunub:
“Festivalın məhz tədris ilinə az zaman qalanda keçirilməsi də bununla bağlıdır. Festivalda İZ Community-nin qadın sahibkarları öz əl işləri ilə iştirak edəcəklər. Bununla yanaşı, məktəb və liseylər də burada öz stendlərini açacaqlar. Eyni zamanda, festivalda media nümayəndələri və blogerlərin də iştirakı gözlənilir. Balaca dostlarımız üçün isə musiqili proqramı və müxtəlif yarışmalar nəzərdə tutulub. Məsələn, vokal müsabiqəsi, rəsm müsabiqəsi və digər rəngarəng proqramlar keçiriləcək. Əsas məqsəd qadın sahibkarlara, məktəblilərə və valideynlərə dəstək olmaqdır”.
Müsahibimiz deyib ki, təşkilatın tədbirlərində 17 mindən çox insan iştirak edir.
“Bu tədbirimiz çərçivəsində də ən az bu qədər qonaq qəbul etməyi hədəfləyirik. Qonaqlarımızın sayı artdıqca, auditoriyamız daha da genişlənəcək. Genişlənən auditoriya isə daha çox məktəblinin bu imkandan yararlanmasına səbəb olacaq. Burada məktəblilər həm alış-veriş edə, həm də bir sıra ali təhsil müəssisələri və liseylərlə tanış ola biləcəklər”- R.Sadəddinova bildirib.
O qeyd edib ki, festivalda bir çox tanınmış simalar olacaq:
“İZ Community İZ EDU FEST-də Bəhram Bağırzadə, Hacı Nuran, Almaz Ələkbərova, Nofəl Aslanov və digər məşhur simalar da iştirak edəcək”.