İran prezidenti Məsud Pezeşkian Azərbaycan dilində verdiyi müsahibə böyük əks-səda doğurub. Prezident Güney Azərbaycandan olan vətəndaş cəmiyyəti fəalı Rəşid Daneşcuyiyə verdiyi müsahibədə Urmiya gölünün bərpasına və ana dilində təhsili nəzərdə tutan Konstitusiyanın 15-ci maddəsinin həyata keçirilməsinə söz verib.
Azərbaycan millətinin səsini unutmadığını bildirən İran prezidenti Urmiya gölünün bərpası, Konstitusiyanın 15-ci maddəsinin (Ana dilində təhsil) icrası və Güney Azərbaycandakı qızıl mədənlərinin fəaliyyətinin təşkilini davam etdirməyə çalışacağını bildirib. O etnik azlıqların ana dilində təhsil almasının mümkünlüyündən danışıb.
Məsud Pezeşkianın bu açıqlamaları sözsüz ki, Güney Azərbaycanda yaşayan 30 milyondan çox Azərbayacan türkünü gələcəyə ümidləndirib.
Siyasi ekspert Elçin Mirzəbəyli mövzu ilə bağlı Modern.az-a açıqlama verib.
O bildirib ki, İran İslam Respublikası ərazisində yaşayan 30 milyondan çox Azərbaycan türkünün, 5 milyon qaşqay türkünün və digər türk xalqlarının öz ana dilində təhsil almaq istəyi onların müstəsna hüququdur:
"İran İslam Respublikası öz Konstitusiyası ilə vətəndaşlar qarşısında götürdüyü öhtəlikləri yerinə yetirməlidir. İranın yeni prezidenti hazırda bu istiqamətdə addımlar atmağı düşünürsə, şübhəsiz ki, buna müsbət yanaşmaq lazımdır. Lakin bu mexanizm Azərbaycan türkcəsinin təhrif edilməsinə, fars sözləri ilə zənginləşdirilməsinə və qramatikasının mürəkkəbləşdirilməsinə xidmət etməməlidir. Eyni zamanda, müasir Azərbaycan türkcəsindən fərqlənməməlidir. Düşünürəm ki, burada belə bir məqsəd yoxdur, çünki söhbət mənəvi bütövlükdən, mənəvi birlikdən gedir".
Elçin Mirzəbəylinin sözlərinə görə, bu məsələdə ortaq mədəniyyət və dil amilinin irəliyə doğru aparılması əslində İranın özünün mənafeyinə də xidmət edir:
"Belə addımlarla İran həm də Türk dünyasına yaxınlaşa bilər. Bu hal da İranın gələcəyi üçün böyük əhəmiyyətə malikdir".
Gülara Quliyeva