Modern.az

Papikyan Cənubi Koreyada: Ermənistan daxili auditoriyasını ALDADIR

Papikyan Cənubi Koreyada: Ermənistan daxili auditoriyasını ALDADIR

13 Sentyabr 2024, 14:30

Sentyabrın 8-də Ermənistanın müdafiə naziri Suren Papikyan Cənubi Koreyaya işgüzar səfərə gedib. Bundan iki gün əvvəl isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Seulda bir sıra görüşlər keçirib. Azərbaycan mətbuatında yayılan məlumatlara görə, Papikyan Yaponiyaya da səfər etmək niyyətindədir.

 

Rəsmi məlumata görə, Seula səfər çərçivəsində sentyabrın 9-da Papikyan "Hərbi sahədə məsul süni intellekt" sammitinin açılış mərasimində iştirak edib. Sammitin məqsədi hərbi texnologiyalarda və döyüş əməliyyatlarında süni intellektin istifadəsinə nəzarət üçün beynəlxalq mexanizmlərin işə salınmasıdır.

 

Ermənistan rəsmilərinin Uzaq Şərq ölkələrində silah alışı ilə bağlı danışıqlar apardığı bildirilir. 

 

Mövzu ilə bağlı Modern.az-a danışan hərbi ekspert Ədalət Verdiyev Ermənistanın Cənubi Koreya və Yaponiya ilə hərbi, hərbi-texniki sahədə əməkdaşlıq etməsini belə izah edib:


"Bu, Ermənistanın daxili işidir. Lakin bu prosesə qarşı Azərbaycanın həmin ölkələrdəki səfirlikləri, o ölkələrdəki diaporumuz öz etiraz səsini qaldırmalıdır. İşğalçı ölkənin törətdiyi soyqırımı fəaliyyətlərini Cənubi Koreya və Yaponiya rəhbərliyinin diqqətinə bir daha çatdırmalıdırlar. Cənubi Koreyadan K1 və K2 tanklarının Ermənistana verilməsi yaxın illərdə başa çatacaq proses deyil. Bunun üçün Ermənistanda lazımi infrastruktur yoxdur. Ermənistanda bu tankların, texnikaların servis məsələsi kifayət qədər çətin və qəliz məsələdir. İndiyə qədər Ermənistan ərazisində Rusiya tankından başqa heç bir ölkənin tankı olmayıb. Digər tərəfdən bu səfərlər daha çox Ermənistandakı daxili auditoriyanı sakitləşdirmək məqsədilə atılır. Ermənistan hakimiyyəti bu səfərlərlə Qərbdən, xüsusilə ABŞ və Fransadan daha çox maliyyə vəsaiti əldə etməyə çalışır. O cümlədən Ermənistanda silahlanmaya erməni diasporu vaxtilə böyük dəstək verib. Ona görə də bunlardan daha çox vəsaitlər əldə etmək üçün yeni danışıqların aparılması, müqavilələrin imzalanması kifayət qədər tutarlı amil kimi nəzərdə tutulur",

Ekspert bildirib ki. Ermənistan tərəfi illərlə silah məsələsini müzakirə edir, müqavilələr imzalanır, amma silahların verilməsi kifayət qədər zaman tələb edir: "Bəzi silahların 10 ildən qabaq alınması mümkün olmur. Ukrayna-Rusiya, İsrail-HƏMAS münaqişəsi fonunda silah bazarında kifayət qədər qıtlıq yaranıb. Burada məqsəd daxili auditoriyada Ermənistan itirdiyi silahların yerini doldurmağa çalışır illuziyası yaratmaqdır". 

 

Ə.Verdiyev Yaponiya və Cənubi Koreyanın fəaliyyətlərini ABŞ-la sinxronlaşdırdığını deyib: "Yaponiya  və Cənubi Koreya adətən ABŞ ilə fəaliyyətlərini sinxronlaşdıran ölkələrdir. ABŞ-nin Ermənistana verdiyi dəstək Cənubi Koreya və Yaponiyanın da bu istiqamətdə fəaliyyət göstərməsi üçün siqnal hesab olunur".

 

Hərbi ekspert vurğulayıb ki, Ermənistanın silahlanması regionda yeni təhdid və təhlükələr yaradır:


"Son həftələr ərzində atəşkəsin intensiv pozulması, ABŞ-Ermənistan birgə təlimləri və Ermənistanın Azərbaycan sərhədləri boyunca Qərbi Zəngəzur istiqamətində yeni hərbi hissələr yaratması, onları hücum silahları ilə təmin etməsi bunu aydın göstərir. Ermənistanın silahlanmasından çox bəhs etməyimiz kimlərdəsə bizim bundan çəkindiyimiz təəssüratı yaratmamalıdır. Çünki biz istənilən senarilərə hazırıq. Ermənistanın silahlanması barədə bizim səsləndirdiyimiz bəyanatlar Paşinyan və ona havadar ölkələri xəbərdar etmək məqsədi daşıyır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi