Prezident İlham Əliyev Sərəncamı ilə Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib. Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.
Sərəncamda bildirilir ki, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanılıb. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.
Modern.az-a danışan Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, Prezident İlham Əliyevin Dövlət Suverenliyi Günü böyük tarixi əhəmiyyət daşıyır:
"Belə bir günün təsis edilməsini zəruri edən bir sıra amillər var. Hər şeydən əvvəl 1988-ci ildən sonra Azərbaycan qanunları heç bir zaman Xankəndi və digər rayonlarda işləməyib. Dövlət Suverenliyi dedikdə, dövlətin qanunlarının, hakimiyyətinin mövcud olması nəzərdə tutulur. 1989-cu il 23 sentyabr tarixində Azərbaycan SSR-in suverenliyi haqqında qanun qəbul edilsə də, bu, yalnız kağız üzərində qalmışdı. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, heç bir zaman orada milli valyuta, konstitusiya, qanunlar işləməyib. Azərbaycan rəhbərlərinin Xankəndi və digər ərazilərə ayağı dəyməyib. Tariximizdə ilk dəfə suverenliyimizi bərqərar edən dövlət rəhbərimiz, böyük strateq, prezidentimiz İlham Əliyevdir. 2023-cü ilin 19 sentyabrında başlayan və bir sutkadan da az davam edən lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizdə separatizmin kökü kəsildi. Dövlətimizin suverenliyi bütün ərazilərimizdə bərqərar edildi. İlk dəfə olaraq Azərbyacan bayrağı Xankəndi və digər şəhər və qəsəbələrdə dalğalandırıldı. 2024-cü ildə ilk dəfə olaraq bütün ərazilərdə Prezident və parlament seçkiləri keçirildi".
M.Qasımlı vurğulayıb ki, Dövlət Suverenliyi Günü Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biridir:
"Belə bir günün təsis edilməsi gələcək nəsillər, dövlətçiliyimiz üçün əhəmiyyətlidir. Dövlət başçısı göstərdi ki, Azərbaycan dövləti müstəqil olsa da, suveren deyildi. Həmin suverenliyi cənab Prezidentimiz İlham Əliyev qurdu. Millətimizin indiki və gələcək nəsillərinə necə yaşamağın düsturunu, formulunu cənab Prezidentimiz İlham Əliyev göstərdi. Ona görə də Dövlət Suverenliyi Günü Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biridir".
Deputat Anar İsgəndərov isə söyləyib ki, antiterror əməliyyatı ilə əsası 1923-cü ildə qoyulan "Dağlıq Qarabağ Muxtar Vilayəti"nə son qoyulub:
"Azərbaycan 1918-ci ildə 1920-ci ilə qədər müstəqil fəaliyyət göstərib. 1920-ci ilin aprelində XI Qızıl Ordu Azərbaycanın müstəqilliyinə son qoyub və Azərbaycan 70 il ərzində SSRİ-nin tərkibində olub. Onu da qeyd etmək lazımdır ki, 1923-cü ildə Sovet dövlətinin təkidi ilə Azərbaycan ərazisində "Dağlıq Qarabağ Muxtar Vilayəti" adında qurum yaradıldı. Əslində, bu qurum separatçı və Azərbaycan dövlətinə düşmən idi. 70 illik sovet dönəmində bu qurum həmişə Azərbaycan dövlətinə qarşı əlindən gələni edib, separatçı mövqeyi ilə seçilib və Ermənistana birləşmək üçün hər bir qüvvələrlə əl bir olub. 1991-ci ildə SSRİ dağılıb, müttəfiq dövlətlər müstəqil respublikalara çevrilərkən Azərbaycan ərazisində Qarabağ erməniləri Ermənistandan kömək alaraq Azərbaycandan ayrılmaq qərarına gəlib torpaqlarımızı işğal etdi. Nəhayət 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə düşmən darmadağın edildi və Azərbaycan torpaqlarının böyük hissəsi işğaldan azad edildi. Amma Xankəndi də daxil olmaqla separatçı qüvvələr güc topladılar və Azərbaycan qanunlarına tabe olmaqdan imtina etdilər. 2023-cü ilin sentyabrın 20-də Azərbaycan antiterror əməliyyatına başladı. Separatçı yuvası olan Xankəndi başda olmaqla bütün əraziləri düşmən qüvvələrindən azad etdik. 1923-cü ildə bünövrəsi qoyulan "Dağlıq Qarabağ Muxtar Vilayəti" tarixdən silindi".
A.İsgəndərov vurğulayıb ki, Prezidentin Suverenlik Günü ilə əlaqədar sərəncamı suverenliyi təsdiq edən sənəddir:
"Azərbaycan suveren dövlət kimi fəaliyyətə başladı. Beləliliklə, bayrağımız bütün ərazilərimizdə dalğalanmağa başladı.Təsadüfi deyil ki, 2024-cü ilin fevralında Prezident seçkisi, sentyabrın 1-də isə Parlament seçkisi bütün ərazilərimizdə qanunvericiliyimizə uyğun həyata keçirilir. Prezidentin bu sərəncamı tarixidir. Azərbaycanın suverenliyini təsdiq edən və təsbit edən sənəddir".