Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Ulu öndər Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. "Ümummilli Lider öz soy-kökünə, milli-mənəvi dəyərlərimizə söykənərək misilsiz xidmətlər göstərib, bu müqəddəs missiyanı uğurla, şərəflə, cəsarət və mərdliklə yerinə yetirib. Ulu öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində kiçik gənc bir ölkə dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. 3 oktyabr 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin təcrübəli və müdrik siyasəti sayəsində qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yarandı və uğurlar əldə olundu. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir. Böyük tarixi şəxsiyyət təkcə böyük ideoloq və dövlət xadimi yox, həm də tarixin, cəmiyyətin gedişatını fəhmlə təyin edən mütəfəkkir idi. “Əsrin müqaviləsi” adı ilə tarixə daxil olmuş beynəlxalq neft sazişləri belə tarixi uzaqgörənliyin əyani nümunəsidir. “Əsrin müqaviləsi” ilə ümummilli lider həm müstəqil Azərbaycanın iqtisadi strategiyasını müəyyənləşdirdi, həm də müstəqil dövlət ideologiyası olaraq azərbaycançılığın iqtisadi təməllərini formalaşdırdı. Bununla da Heydər Əliyev azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, azərbaycançılığa əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı. Məhz onun sayəsində xalqda dövlətə inam hissi, taxt-taca hörmət gücləndi. Mətləbdən uzaqlaşmadan deyək ki, ulu öndərin azərbaycançılıq təliminin təməlində məhz Azərbaycan dili dayanır. Azərbaycan dilini bilmədən azərbaycançı olmaq mümkün deyil.Ulu Öndər Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxdı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin ikinci dövründə gördüyü işlər məhz 1969-1982-ci illərdə yaradılan möhkəm bazaya əsaslanırdı. Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ümummilli Lider 1993-cü ildə hakimiyyətə qayıdışından sonra əsas diqqət göstərdiyi məsələ müstəqillik yollarında ilk addımlarını atan Azərbaycanın varlığını təsdiqləmək, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirmək idi.Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1993-2003-cü illər də ölkə üçün həlledici illər oldu. Məhz həmin illərdə milli dövlətçiliyin möhkəm təməli qoyuldu, Azərbaycanı Respublikasının istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edildi.Bu gün müasir Azərbaycan bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Azərbaycan bu gün Heydər Əliyev yolu ilə gedir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və özünü bütün istiqamətlərdə göstərir”.
Fəxr edirik ki, Ümummilli liderimiz, müasir Azərbaycanın memarı, əbədi rəhbərimiz Heydər Əliyevin misilsiz, alternativi olmayan daxili və xarici siyasətini və ideyalarını möhtərəm cənab Prezident İlham Əliyev 2003-cü ildən etibarən uğurla davam etdirir.Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Başqa sözlə, bu gün müasir müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir.
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri