Parlamentin deputatı Mahir Süleymanlı Şabranda Vətən müharibəsi şəhidi Ürfan Orucovun ailəsini ziyarət edib.
Modern.az xəbər verir ki, Milli Məclisin deputatı Mahir Süleymanlı 11 oktyabr tarixində Vətən müharibəsi zamanı üzərinə düşən xidməti vəzifələri layiqincə yetirərkən qəhrəmancasına şəhid olmuş, Şabran rayon Şəhidlər Xiyabanında dəfn edilən Orucov Ürfan Firdovsi oğlunun ailəsini ziyarət edib və ailənin qayğı və problemləri ilə maraqlanıb.
Qeyd edək ki, Ürfan Firdovsi oğlu Orucov 1996-cı il oktyabrın 9-da Şabran şəhərində anadan olub.
2014-2018-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb.
Ürfan Orucov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Ürfan Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ürfan Orucov oktyabrın 11-də Füzuli döyüşləri zamanı şəhid olub. Şabran şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.