Füzuli rayonunda “Yağlıvənd: Faciədən zəfərə” filminin təqdimatı keçirilib.
Füzuli rayon Rayon İcra Hakimiyyətinin, “Versiya.az” onlayn qəzetinin və Füzuli Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə “Oğuzfilm”in istehsal etdiyi “Yağlıvənd: Faciədən zəfərə” adlı filmin təqdimatı keçirilib. Füzuli Dövlət Dram Teatrında keçirilən təqdimatda rayon İcra Hakimiyyətinin, YAP Füzuli rayon təşkilatının, Təhsil sektorunun, rayon mədəniyyət müəssisələrinin əməkdaşları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Öncə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Füzuli RİHB-nin müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüqar Teymurov çıxış edərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi nəticəsində qazanılan Böyük Zəfərdən, eləcə də antiterror əməliyyatı nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən bəhs edib. Vüqar Teymurov şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı bahasına işğaldan azad edilən torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmasının böyük fəxr mənbəyi olduğunu diqqətə çatdırıb.
Daha sonra 1992-ci il avqustun 15-də Ermənistana məxsus olan üç qırıcı təyyarənin Ermənistan-Azərbaycan sərhəddindən uzaq məsafədə yerləşən, cəbhə xəttinə yaxın olmayan Yağlıvənd kəndində yaşayan mülki sakinləri qadağan olunmuş kasetli bombalarla qətlə yetirməsindən bəhs edilib. Həmçinin bildirilib ki, kəndin bombalanması zamanı dinc sakinlər arasında 100 nəfərdən artıq insan yaralanıb, 10 nəfər isə şəhid olub. Şəhid olanların 5 nəfərinin azyaşlı körpələr olduğu diqqətə çatdırılıb, eyni zamanda kəndin yaşayış evlərinin, digər tikililərin darmadağın edildiyi, həmin gün Yağlıvənddə misli görülməmiş faciə yaşandığı vurğulanıb. Sonda Yağlıvənd kəndində baş vermiş faciəni əks etdirən filmin tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılmasında çox mühüm rol oynayacağı qeyd edilib.
Daha sonra YAP Füzuli rayon təşkilatının əməkdaşı Namiq Məmmədov və şəhid atası Saleh Əliyev çıxış edərək film barəsində təəsuratlarını bölüşüblər.
Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru yazıçı Tağı Türkdür.