Türkiyənin Afyonkarahisar vilayətində yerləşən prospektlərdən birinə Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun adı verilib. Belə ki, Afyonkarahisar Mərkəz Çayırbağ Bələdiyyəsi Məclisinin qərarı ilə oradakı “Qurtuluş” prospektinin adı “İbad Hüseynov” olaraq dəyişdirilib.
Milli Qəhrəman Modern.az-a açıqlamasında bildirib ki, bu, Türkiyədə onun adı verilən ilk ünvan deyil:
“Bundan əvvəl də Türkiyə Cümhuriyyətində 2 küçə və 2 parka mənim adım verilmişdi. İndi də bir prospektə adım verildi. Bununla yanaşı, Adana vilayətinin Çukurova rayonunda mənim adımı daşıyan park salınıb və orada heykəlim ucaldılıb".
İbad Hüseynov bildirib ki, 18 oktyabr onun doğum günümdür, bir gün öncə - 17-si adı verilən prospektin açılışı olacaq.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 18-də Türkiyənin Adana şəhərində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası günü və İbad Hüseynovun ad günü münasibətilə park salınıb, orada Milli Qəhrəmanın 3 metrlik heykəli ucaldılıb.
Xatırladaq ki, İbad Hüseynov ASALA erməni terror təşkilatının əsas üzvlərindən olmuş Monte Melkonyanı məhv edən döyüşçüdür. Melkonyanın məhv edilməsi ilə bağlı işğalçı Ermənistanda üç günlük matəm elan olunmuşdu.