Hər gün şəhərin müxtəlif yullarına yeni zolaqların salınmasının şahidi oluruq. Avtobus və velosiped zolaqları bəzi şəxslər tərəfindən müsbət qarşılansa da, əks fikirdə olanlar da az deyil.
Mövzu ilə bağlı Modern.az-a danışan texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib ki, zolaqların salınması çox dərin mövzudur:
“Bir tərəfdən müsbət, digər tərəfdən mənfi cəhətlər burada özünü göstərir. Zolaqlar düşünülmüş formada salınmalıdır. İctimai nəqliyyatın işi zolaqsız keçmir. Amma elə yerlər var ki, bəlkə də orada zolağa ehtiyac yoxdur. Avtobus zolaqları əslində 3 xətli yollarda nəzərdə tutulmalıdır. Bir xətt avtobus zolağı olaraq ayrıldığı zaman digər xəttlər hərəkət axınını təmin etməlidir. Elə yerlər var ki, 2 xətli yolda bir zolaq avtobus zolağı üçün ayrılır. Bu zaman da tıxac əmələ gəlir. Yol hərəkətinin təşkilində əsas məsələlərdən biri təhlükəsizlikdir. Bunu təmin etməklə bütün işlər görülməlidir. Zolaqlar salınan zaman hərəkət intensivliyi öyrənilməlidir. Elə yer var ki, avtobus zolağının olması gərginlik, tıxac yaratmır. Elə yer də var ki, avtobus zolağı tıxaca səbəb olur. Bu zolaqlar salınmadan mütləq araşdırma aparılmalıdır”.
Ekspert qeyd edib ki, ərazidə hər zaman tıxac varsa, velosiped zolağının olması mənasızdır:
“Velosiped sürmək istəyənlər digər yollarda da sürə bilərlər. Əgər velosiped zolağı bir yerdən başqa yerə təyinatla bağlı məsələni həll edirsə, yararlıdır. Amma bəzi yerlərdə lazım olmadığı halda yolları kəsirlər ki, Avropada var, bizdə də olsun. Bu düşüncə düzgün deyil. Bu növqeyi-nəzərdən velosiped zolaqlarının lazımsız yerlərdə salınmasının əleyhinəyəm. Avtobus zolaqları isə düşünülmüş şəkildə salınmalıdır”.