“Əslində Üçüncü Dünya müharibəsi fərqli formada başlayıb. Ukraynada Rusiyaya qarşı kollektiv Qərbin müharibə apardığı bəllidir. Digər tərəfdən, Yaxın Şərqdə baş verənlər təhlükənin miqyasını daha da böyüdəcək”.
Modern.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.
O bildirib ki, İsrailin Livanda BMT missiyasının qərargahına hücum etməsi artıq onsuz da formal olan beynəlxalq hüququn tamamilə dəfn edilməsi idi: “İsrailin buna necə cəsarət etməsi əslində baş verənləri tamamilə ayndınladır. Bu, artıq dünya müharibəsi ilə bağlı yeni və təhlükəli mərhələnin başlanmasıdır. Hadisə ilk növbədə təhlükəli presedent yaradır. Yəni bu addım artıq dünyanın heç bir yerində heç bir diplomatik korpusun güvəndə olmaması anlamına gəlir. Əlbəttə, baş verənlər onu deməyə əsas verir ki, İsrail təkbaşına, yaxud sadəcə, ABŞ hökumətinin köməyi ilə bu addımları atmır. Görünən odur ki, İsrailin dini fanatizm siyasətinin dağıdıcı nəticələrinə "yaşıl işıq" yandıran güclər var. Bu, ABŞ-dən də silahlı güc kimi istifadə edən beynəlxalq maliyyə təsisatlarıdır. Məqsəd dünyanı xaosa sürükləmək, dövlətləri iqtisadi cəhətdən çökdürmək və öz hegemonluqlarını qorumaq üçün çöküş prosesinə qədəm qoyan maliyyə sistemini yeniləməkdir”.
Ə.Zülfüqaroğlu əlavə edib ki, baş verənləri təqdim olunan mənzərə üzərindən təhlil etmək mümkün deyil: “Əlbəttə burada tamamilə başqa niyyətlər var, İsrail və onun radikal dini fanatlardan ibarət hökuməti də sadəcə alətlərdən biridir”.
Ekspert deyib ki, müxtəlif dövlətlərin yarana biləcək geosiyasi zəmindən istifadə etməyə çalışması əslində bu ssenarinin arxasında olanların planlarının işləməsi üçün daha uyğun zəmin formalaşdırır: "Məsələn, Ukrayna və Yaxın Şərqlə yanaşı, Tayvan, Cənubi Qafqaz, Yunanıstan və digər “minalar” də bu qəbildəndir. Üçüncü Dünya nüharibəsinin dağıdıcı mərhələyə keçməsini istəyən güclər var və bu, artıq vaş verir”.
Siyasi şərhçi onu da bildirib ki, İkinci Dünya nüharibəsinin nəticəsinə baxsaq, baş verənləri müəyyən qədər anlamaq mümkündür: “İkinci Dünya müharibəsi nəticəsində dövlətlər iqtisadi cəhətdən çökdü. Beləliklə də beynəlxalq banklardan asılı vəziyyətə düşdü. Nəticədə beynəlxalq banklar istədiklərinə nail oldular. Mərkəzi bankların dolayısı ilə FED-in filialı statusunda fəaliyyət göstərməsinə nail olmaqla istədiklərinə çatdılar. Daha sonra isə dolların dünyada rezerv valyuta olmasına nail oldular. 1971-ci ildə qızıla indeksli dollar sistemi dəyişdi, yəni FED istədiyi həcmdə, qarşılıqsız dollar çap etmək hüququ əldə etdi. Neft və qazın dünyada dollarla satılmasına nail oldu və beləliklə də bu sistem petrodollar sistemi adlanmağa başladı. Yəni, arxasında əmtəə olmayan, kağızlarla manipulyasiya sistemi. İndi də bu sistem təbii olaraq çökür. Əgər bu sistem sahiblərinin nəzarətindən kənar çökərsə, o zaman dollar mərkəzli qlobal maliyyə təsisatlarının dünya hegemoniyası bitər. Bunun bitməməsi üçün Üçüncü Dünya müharibəsi də daxil olmaqla hər yola gedəcəklər. Xüsusilə, 2020-ci ildən başlayaraq təhlükəli proseslər daha ciddi məcraya qədəm qoyub”.