Modern.az

Moskvada Zəfər Günü ilə bağlı konsert - FOTO

Moskvada Zəfər Günü ilə bağlı konsert - FOTO

Aktual

9 Noyabr 2024, 16:51

Rusiyanın paytaxtında 8 Noyabr - Zəfər Günü münasibətilə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Həyatın metamorfozaları. Çoxşaxəli əks olunma” adlı konsert proqramı keçirilib.

Modern.az xəbər verir ki, Azərbaycanın muğam və caz musiqisinin səsləndirildiyi konsert həkim, ictimai xadim, xeyiriyyəçi Ramil Kərimovun təsis etdiyi “Poliloq” Millətlərarası Münasibətlərin İnkişafı Fondunun təşkilatçılığı ilə Moskvada “Şukino” mədəniyyət və incəsənət mərkəzinin “Mosprodyuser” konsert zalında baş tutub.

Konsertdə Rusiya və Azərbaycan mədəniyyətləri arasında mənəvi körpü rolunu oynayan Azərbaycanın Xalq artisti, Böyük Teatrın solisti Dinara Əliyeva, Əməkdar artist Sevda Ələkbərzadə, tanınmış tarzən Elman Həsənlinin rəhbərlik etdiyi “ButaTrio” muğam qrupu, müğənni Ramil Hacıyev, xanəndələr Şahin İdrisoğlu, Cavid Abdullayev və başqaları iştirak ediblər.

Konsert proqramında istedadlı musiqiçilər dinləyiciləri caz və muğamın valehedici vəhdəti ilə heyran edərək, onlara unukal improvizasiyalarda musiqi ənənələrimizin müasir ritmlərlə qovuşduğu  füsunkar Azərbaycan musiqisini təqdim ediblər. Konsertdə milli cazla muğam kompozisiyalarının sintezindən ibarət mahnılar, musiqiçilərin və xanəndələrin səsləndirdikləri vətənpərvərlik ruhundakı kompozisiyalar maraqla dinlənilmiş və alqışlarla qarşılanıb.

Qeyd etdiyimiz kimi, Zəfər Günü ərəfəsində baş tutan və Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə həlak olan şəhidlərimizin əziz xatirəsinə həsr olunan “Həyatın metamorfozaları. Çoxşaxəli əks olunma” adlı konsert “Poliloq” Millətlərarası Münasibətlərin İnkişafı Fondunun təşkilatçılığı ilə həyata keçirilib.

Ramil Kərimovun rəhbərliyi ilə fəaliyyət göstərən Fondun əsas məqsəd və məramı ölkələr və xalqlar arasında dostluğun və harmoniyanın möhkəmlənməsinə, sosial, milli, dini qarşıdurmaların qarşısının alınmasına köməklik göstərmək, eləcə də səmərəli dialoq və poliloqların yaradılmasına yönəlmiş təhsil, elm, mədəniyyət, incəsənət, maarifləndirmə, o cümlədən şəxsiyyətin mənəvi inkişafı sahəsində layihələrin həyata keçirilməsinə dəstək olmaq və bu nəcib əməlləri təşviq etməkdən ibarətdir. Fondun əsas heyəti həkimlərdən ibarətdir və o həkimlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın sədrlik etdiyi Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) fəalları da yer alıb. Onu da qeyd edək ki, Ramil Kərimovun rəhbərliyi ilə bir çox layihələrin həyata keçirilməsində böyük rol oynayan həmin həkimlər 2009-cu ildə Gəncənin Gülüstan qəsəbəsində qaçqın şəhərciyində klinikada Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş “Gülüşlü həyat” aksiyasında yaxından iştirak ediblər. Klinikada stomotoloji şöbə açaraq 12 gün ərzində sakinlərə təmənnasız xidmət göstərən gənc həkimlər orada söz veriblər ki, bu aksiyaları torpaqlarımız işğaldan azad edildikdən sonra doğma Qarabağımızda da keçirəcəyik. Artıq o gözəl məqam yetişmişdir. “Poliloq” Millətlərarası Münasibətlərin İnkişafı Fondunun xətti ilə aralarında digər millətlərdən də olan həkimlərdən ibarət həmin kollektiv 2025-ci ildə Heydər Əliyev Fondunun və Leyla Əliyevanın dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin  rəhbərliyi altında rəşadətli Ordumuz tərəfindən düşmən tapdağından azad edilmiş Qarabağda, Şuşada xalqımızın Ümummilli Liderinin doğum günü ərəfəsində Ulu Öndərin xatirəsinə həsr olunmuş yeni layihələr, növbəti xeyriyyə aksiyaları keçirməyi planlaşdırır. Bir nüansı da qeyd etmək yerinə düşər ki,  “Poliloq” Millətlərarası Münasibətlərin İnkişafı Fondunun təkilatçılığı ilə Dağıstanda çəkilmiş “Dağların dili” sənədli filmi  gələn ilin mart ayında ekranlara çıxacaqdır. Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Mədəniyyət nazirliklərinin dəstəyi, həmyerlimiz Radion İsmayılovun rejissorluğu ilə 3 ilə ərsəyə gələn bu filmdə Dağıstanda yaşayan xalqların mədəniyyətlərarası dialoqundan, mehriban dostluq və qonşuluq əlaqələrindən, onların milli adət-ənənənələrinin qorunmasından, yüksək münasibətlərinin inkişaf etdirilməsindən bəhs edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək