Herman Hesse özünün "Yalquzaq" romanı haqqında söylədiyi kimi, "Kim necə istəyir elə də başa düşsün". Başlığı nəzərdə tuturam.
Mütaliənin insan həyatında rolu danılmazdır. Fərdin şəxsiyyət olaraq formalaşması, onun dünyaya açıq gözlə baxması üçün mütaliə olduqca vacib amillərdəndir. Mütaliə ilə məşğul olan insanın təfəkküründə baş verən inqilaba az-çox şahidlik etmiş şəxs olaraq çox uzağa getmədən cəmiyyətimizin mütaliəyə olan yanaşmasını analiz etmək istərdim...
Doxsanıncı illərdən bu yana ölkəmizdə tənəzzülə uğrayan kitab mədəniyyətinin arzuolunmaz vəziyyətini şərtləndirən bir çox səbəblər vardır. Bunlardan başlıcası isə şübhəsiz ki, mövcud sosial-ictimai durumdur. Doxsanıncı illər deyərkən, bəndəniz də elə doxsanıncı illər doğumludur. Sadəcə çevrəsində tapındığım insanların anlatdığından dolayı bu fikirdəyəm. Nə isə mətlbədən uzaqlaşmayaq...
Tacir psixologiyasında tərbiyə olunan insanın oxumaq istəyi təbii ki, heç də ağlabatan deyil. Təbii ki, gözünü açandan praqmatik şəxlərin əhatəsində olan Azərbaycan vətəndaşının mənfəət əldə etməsi üçün dünya ədəbiyyatına müraciəti heç də münasib variant deyil. Bundan daha perspektivli yollar mövcuddur ki, bunlardan da ən optimalı bazardır. Qonşu Rusiyanın metal bazarında qara işçi qüvvəsi hesab olunub öz çevrəsində "Moskvanın yiyəsi" kimi tanınan şəxsləri özlərinə kumir seçən yeniyetmələr üçün təhsil və karyeradan xoş görünən arzu var ki, bu da "dördgöz" və villadır". "Bir problem yoxdur ki, sualına problem Qarabağ, o da bizlik deyil" cavabı verən şəxslər bolluğundan ibarət olan Azərbaycan cəmiyyətinin təfəkkürü üçün bazardan uğurlu alternativ tapmaq mümkün də deyil. Bundan başqa müxtəlif vasitələrlə səhnəyə yol tapan zümzüməçilərə verilən limitsiz televiziya proqramlarında mütaliə etmənin faydasını aşılayacaq ziyalı tapmaq müşküldür. Cəmiyyət arasında pişik Günel qədər hörməti olmayan ziyalıların əlini cibinə salarkən ordan gələn qəpik şaqqıltısı təəssüflər olsun ki, onun idealizmini heç edir bizim tacir cəmiyyətimizdə. Belə olan halda isə yeniyetmə və gənclərin qarşısında bir sual yaranır: Bəyəm əjdaha Nadirin soyuducusunu dolduran Füzulidir? yoxsa Dostoyevski ?!
Pedaqoqa verilən dəyərə görə dünya miqyasında fərqlənən məmləkətimizdə müəllim adına ironik yanaşma heç də təsadüfi deyil. Müəllim deyərkən ilk ağıla gələn nə olur ? Təbii ki, onun illərlə geyindiyi nimdaş paltosu və ildə iki dəfə ayaqqabı təmirçisinin əlinə düşən uzunboğaz çəkmələri ... Bir də xəstə təfəkkürdən dolayı gülüş obyektinə çevrilən burnunun ucuna endirdiyi eynəyi... Daha onun az-çox bildiyinin üzərinə duz-istiot səpməklə "yedirtdikləri" qalır bir kənarda...Belə olan halda isə müəllim peşəsinin mahiyyətinin 180 dərəcə dəyişən inikası başadüşüləndir...
Düzü son vaxtlar özüm də asudə vaxtımın azlığından dolayı mütaliəyə ayırdığım vaxtda bir qədər ixtisar aparmalı olmuşam. Ancaq hərdən ictimai nəqliyyatda yol gedərkən yanımda gəzdirdiyim qara çantadan boz cəmiyyətin mənfi aurasından qurtulmaq üçün üzlüyü əsasən əlvan rənglərdə olan kitablardan birini çıxarıb oxumağa başlayıram. Bu zaman üzərimə dikilən baxışların səbəbini aydınlaşdırmaq üçün qeyri-ixtiyari kitabdan gözümü çəkməli oluram. Sən demə bu baxışların mahiyyətini anlamaq üçün heç filosof olmaq da lazım deyilmiş (Özümü düha adlandırmaq fikrim yoxdur, sadəcə "phielosophia" sözünü azərbaycan dilinə tərcümə etdikdə "fəlsəfəni sevirəm" mənasını verir) Bu baxışlardakı ifadə belə səslənir : "Nə bədbəxt insansan ə,camaat nə hayda sən nə hayda".
Son iki ildə az-çox mütaliə intibahı hiss olunurdu ki, buna da gözlənilən təpki heç də uzaqda deyilmiş. Dünya ədəbiyyatının bir çox nadir incilərini tərcümə etdirib çap edən, bununla bağlı sosial şəbəkələrdə kütləvi təbliğat aparan nəşriyyata qarşı qaldırılan ƏDV donu geyindirilmiş düşünülmüş siyasətin mahiyyəti heç də anlaşılmaz deyil...İnsanların çox sıx toplaşdığı və bəndənizin də daha çox kitab alış-verişı etdiyi metro stansiyalarında quraşdırılan qəzet və kitab köşklərinin yığışdırılması bir yana, hələ də ticarət mərkəzini xatırladan Bakı metropoliteninin rəsmilərinin gətirdiyi əsas olduqca rəzil və sarkazm doğurucudur."Metro insanların gediş-gəliş yeridir, orada qəzet və kitab satışı doğru deyil" Belə yerdə deyirlər: "Hər yarağımız düzəlib, qalıb saqqal darağımız".