Xəbər verildiyi kimi, bu gün səhər Gürcüstan parlamentində prezident seçkiləri başlayıb. Səsvermə saat 14:00-dək davam edəcək.
Modern.az xəbər verir ki, seçkilər Gürcüstanda müxalifətin etirazları fonunda keçirilir.
Etiraz aksiyası səhər tezdən Gürcüstan parlamentinin binası yaxınlığında başlayıb. Aksiyaya müxalifət partiyalarının üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, ictimai fəallar və onların hazırkı hakimiyyətə qarşı mübarizə yoldaşları toplaşıb.
Hazırkı prezident Salome Zurabişvili də müxalifəti dəstəkləyir.
Noyabrın 28-dən dekabrın 8-dək aksiyaların iştirakçısı olan 372 nəfər inzibati qaydada həbs edilib.
Hakim “Gürcü Arzusu” partiyasının Gürcüstan prezidentliyinə yeganə namizədi keçmiş futbolçu Mixail Kavelaşvilidir.
Gürcüstanın bu gün seçiləcək prezidentinin andiçmə mərasimi dekabrın 29-da baş tutacaq.
Prezidentlik müddəti dekabrın 16-da başa çatacaq Salome Zurabişvili isə prezident iqamətgahını, Tbilisinin mərkəzindəki Orbeliani sarayını tərk etməkdən imtina edir. Prezident sosial şəbəkədəki şəxsi səhifəsində yazıb: “Görəcəyik kim gedəcək”.
Zurabişvili iddia edir ki, 26 oktyabr tarixli parlament seçkiləri saxtalaşdırılıb və ölkə rəhbərliyi yeni parlament seçkiləri ilə dəyişənə qədər hökumətin yeganə qanuni nümayəndəsi yalnız o ola bilər.