Modern.az

Qarabağda qalan papağımız...

Qarabağda qalan papağımız...

Aktual

6 Yanvar 2014, 21:37

Xalq şairi, çox sevdiyim Fikrət Qocanın “Cəhənnəmdən qovulmuşlar” poemasında bir parça var:

Biri deyir rus yaxşıdı,
biri deyir fars,
Azərilərin düşünən başıdı
Çoban Mahmud da deyir
hər şeydən başımdakı börk yaxşıdı,
Börk - yəni papaq.

Bu çoban Mahmudun kim olduğunu bilmirəm. Amma onu bilirəm ki, çoban olsa da, Mahmud kişi düz deyir, hər şeydən yaxşı börkdü, yəni papaq. Poemanın bu sətirlərini elə-belə xatırlatmadım.

Dünən şəhərdə təsadüfən yaxın bir dostumla, adaşım İlhamla görüşdüm. Salamlaşıb hal-əhval tutandan sonra mənə diqqətlə baxıb soruşdu:

- Bu yağışlı, küləkli havada niyə papaqsız gəzirsən?

Düşünmədən cavab verdim:

- Papağım Qarabağda qalıb.

Daha nə deyim? Allah göstərməsin, başımda papaq olan bir şəkil sosial şəbəkələrə düşsə, sabah Qarabağdan bir erməni onun altından yazacaq: “Papaq sənin harana yaraşır?”.

Nə cavab verəsən?

Ətrafıma baxdım ki, bu şəhərdə başında papaq gəzdirən kişilər çoxdur. Hamıya şamil etmirəm. Vətən qeyrəti çəkən kişilərimiz az deyil. Amma restoranlarda 200 vurandan sonra bar-bar bağırıb Qarabağ bizimdir deyən, rəngbərəng CİR-lərini ağına-bozuna baxmadan şəhərin mərkəzində tank kimi sürən kişilərin başındakı papaqlar mənə çox iyrənc görünür.

Kiminsə başına papaq qoymağının əleyhinə deyiləm. İnsan başını soyuqdan qorumalıdır. Amma bir məsələ də var axı. Papaq təkcə başı soyuqdan qorumaq üçün deyil. Dədə-babadan papaq azərbaycanlılar üçün şərəf, ləyaqət simvoludur. Həm də köhnə kişilər çətin bir vəziyyətə düşəndə papaqlarını qabaqlarına qoyub düşünərmişlər. İndi də bizim çətin vaxtımızdı, torpaqlarımız əldən gedib, Qarabağ düşmən tapdağı altındadır. Deməli düşünməyə, düşmənə qalib gəlmək üçün həmrəy, həmfikir olmağa dəyər. Şərəfimizi, ləyaqətimizi qaytarmaq üçün Qarabağda qalmış papaqlarımızı başımıza qoymaq vaxtıdır. Həm də o papaqlar ata-babalarımızdan bizə qalan əmanətdir axı... Hamınıza başı papaqlı olmaq arzusu ilə

İlham Cəmiloğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI