Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib.
Müsahibəni Modern.az-a şərh edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli bildirib ki, Prezident İlham Əliyevin müsahibəsi geniş və ətraflı olub:
"Cənab Prezidentin müsahibəsi geniş və ətraflıdır. Faktiki olaraq, regionda baş verən hadisələrin, Rusiya-Azərbaycan, NATO-Rusiya münasibətlərinin, Gürcüstanda baş verən proseslərin, Ermənistanla münasibətlərlə bağlı məsələlərin bütün detallarına aydınlıq gətirən, qənaətimə görə bir çox məsələlərin üzərindən pərdəni qaldıran bir müsahibədir. Cənab Prezidentin müsahibəsində kifayət qədər açıq, birmənalı mesajlar var. Düşünürəm ki, xüsusilə də Prezidentin Azərbaycanın bu gün mövcud olan qlobal gərginliklərin azaldılmasında, o cümlədən Rusiya-NATO münsaibətlərindəki gərginliyin aradan qaldırılmasında rolunun mümkünlüyünü qeyd etməsi mühüm faktorlardan biridir. Çünki Azərbaycan dünyada nadir ölkələrdəndir ki, həm NATO üzvü olan Türkiyə, həm də Rusiya ilə yüksək səviyyədə müttəfiqlik münasibətlərindədir. Bu aspektdən Azərbaycan onsuz da qlobal proseslərdə körpü rolunu oynadığı, tənzimləyici funksiya yerinə yetirdiyi kimi, bu münasibətlərin tənzimlənməsində də xüsusi rol oynaya bilər. Prezidentin dünyada gərginliyin azaldılması ilə bağlı fikirlərinə xüsusi olaraq diqqət çəkmək istəyirəm. Burada söhbət faktiki olaraq geosiyasi qarşıdurmalar zəmnində baş verən siyasi maraqlardan imtina edilməsindən getmir. Burada bəşəriyyət naminə, bəşəriyyəti gözləyən təhlükə ilə bağlı səsləndirilən çağırışdan söhbət gedir. Qənaətimə görə, bu, çox önəmli məqamdır. Dünyanın siyasi mərkəzlərinin təmsilçiləri gərginliyin azaldılması ilə əlaqədar yenidən başlanğıc siyasət yeritməlidir. Çünki belə qarşılıqlı təhlükə yaradan addımların atılması qlobal müharibəyə apara bilər. Cənab Prezidentin də dediyi kimi, bu, heç kimə uğur vəd etmir".
Deputat vurğulayıb ki, digər önəmli faktor Ermənistanın silahlandırılması ilə bağlı məsələdir:
"Ermənistanın bu gün faktiki olaraq silahlandırılması Cənubi Qafqazda sülhə mane yaradan əsas amillərdən biri kimi qiymətləndirilməlidir. Bu gün sülhdən danışmasına baxmayaraq, Cənubi Qafqazı Ermənistanın əli ilə nəzarətə almaq üçün onu silahlandıran ölkələr anlamalıdır ki, nəticə etibarilə prespektivdə heç nəyə nail ola bilməyəcəklər, bunula yanaşı bölgədə daha çox problem yaradacaqlar. Cənab Prezident Ermənistanla hansı məsələlərdə fikir ayrılıqlarının olmasından danışıb. Əsas fikir ayrılıqlarından biri də Avropa Müşahidə Missiyasının Azərbaycan sərhədləri yaxınlığında yerləşdirilməsidir. Bu qənaətimə görə həm hüquqi, həm siyasi baxımından qəbul edilən yanlış qərardır. Digər yandan Avropa Şurasının 40 nəfərdən ibarət missiyasının həm müddətinin uzadılması, həm də sayının artırılması və prosesə Aİ-dən kənar ölkələrin daxil edilməsi təkcə Praqdakı razılaşmaların pozulması yox, həm də Aİ-nin etibarsız tərəfdaş olduğunu düşünməyə əsas verən faktor kimi qiymətləndirilə bilər. Təbii ki, Ermənistan bölgəyə kənar qüvvələri gətirilməsi niyyətləridən əl çəkməyənə qədər bölgə üçün təhdid və təhlükə mənbəyi olaraq qalacaq. Ermənistan konstitusiyası ilə bağlı məqam Azərbaycan üçün fundamental əhəmiyyət kəsb edir. Azərbaycan ərazilərinin ilhaqını nəzərdə tutan müstəqillik bəyannaməsinə istinadən bunu Ermənistan xalqı və dövləti üçün vəzifə hesab edən ölkə ilə sülh müqaviləsinin prespektivi yoxdur. Fikrimcə, bugünkü reallığı bütün çılpaqlığı ilə əks etdirən məqam kimi bunu qiymətləndirmək olar. Ümumilikdə hesab edirəm ki, müsahibə yalnız Cənubi Qafqazda yox, daha geniş coğrafiyada proseslərin daha dərin formada təhlili üçün geniş imkanlar açır. Müsahibə cənab Prezidentin növbəti dəfə qlobal təhlilçilər üçün istinad mənbəyi olan yanaşması kimi qiymətləndirilməlidir".