Moldova prezidenti Maya Sandu Dnestryanı bölgədə hərbi əməliyyat planı hazırlayır.
Modern.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosundan daxil olan məlumatda deyilib.
Qeyd edilib ki, Moldova prezidenti bu yaxınlarda ölkənin hökumət rəhbərliyi ilə enerji təhlükəsizliyi məsələləri ilə bağlı görüş keçirib.
“Görüş Sandunun Dnestryanı üzərində nəzarətin qurulması və bölgədə Rusiyanın sülhməramlı varlığının aradan qaldırılması üçün hərbi əməliyyat planının hazırlanması zərurəti barədə sözləri ilə yekunlaşıb”, - Rusiya Xarici Kəşfiyyat Xidməti bildirib.
“Heç kim təminat verə bilməz ki, Moldova prezidenti həqiqətən regionda real müharibəyə başlamağa cəhd etməyəcək”, - Kəşfiyyat xidmətinin məlumatında vurğulanıb.
Moldova Respublikası parlamentinin 1989-cu ildə qəbul etdiyi qərara görə, moldovan dili rəsmi dövlət dili elan olunub və kiril əlifbasından latın əlifbasına keçilib. O zaman bu qərarın yerlərdə tətbiqi ciddi narazılıqlar yaradıb. Əsasən Dnestryanı rayonların ruslardan və benderlərdən ibarət əhalisi bu addımları moldovanların hakim millətə çevrilməsi, ölkədə yaşayan digər xalqların isə ikinci dərəcəli hesab olunması kimi qəbul edib. Nəticədə Rusiyanın təhriki ilə separatçılıq meylləri körüklənib. 1990-cı ilin dekabrında qonfdarma referendum keçirilərək Dnestryanı Moldova Respublikası “müstəqil dövlət” elan olunub. Moldova tərəfinin bununla razılaşmaması problemi hərbi müstəviyə gətirib çıxarıb. 1992-ci ildə başlayan və bir neçə ay davam edən silahlı münaqişə iyul ayında Moldovanın Dnestr çayının sol sahillərinə nəzarəti itirməsi ilə yekunlaşıb. İyulun 22-də Rusiyanın vasitəçiliyi ilə Tiraspolla Kişinyov arasında atəşkəs sazişi imzalanıb. Atəşkəs sənədinə əsasən, təhlükəsizlik zonası yaradılıb. Sülhyaratma əməliyyatlarına birgə sülhməramlı qüvvələr cəlb olunub. Qüvvələr nisbəti isə belə müəyyənləşdirilib: Moldovadan 300, “Dnestryanı”dan 300, Rusiyadan isə 500 hərbçi. O vaxtdan problemin həlli istiqamətində danışıqlar başlayıb. Danışıqlar prosesi əvvəlcə tərəflərin öz arasında aparılsa da, sonradan format genişlənib və “5+2" formatına (Moldova, Dnestryanı bölgə, ATƏT, Rusiya və Ukrayna, həmçinin ABŞ və Avropa İttifaqından müşahidəçilər) keçib. Bu münaqişədə separatçılara bölgədəki rus qoşunları fəal dəstək verib. Bu gün də təcavüzlə üz-üzə qalan Moldova danışıqlarda hər hansı bir irəliləyişə nail olmayıb. Separatçıların yaşadıqları bölgədə rus sülhməramlıları xidmət edirlər.