“Biz balanslaşdırılmış siyasətimizlə sərhəd təhlükəsizliyini təmin etməliyik”.
Modern.az xəbər verir ki, bunu yanvarın 15-də keçirlən mətbuat konfransında Ermənistanın müdafiə naziri Suren Papikyan deyib.
"Müdafiə naziri kimi mən regionda eskalasiya üçün heç bir əsas görmürəm", - Papikyan bildirib.
Nazir vurğulayıb ki, Ermənistanın bütün məsələlərlə bağlı təklifləri və həlli yolları var.
“Mən keçmişdə baş verənlər haqqında danışmaq istəmirəm, regionda sülhü necə təsəvvür etdiyimi danışıram. Bütün sualların həlli və cavabları var. Bəziləri tərəfdaşlarımıza ötürülüb, dialoq var və biz hər bir məsələ ilə bağlı öz fikirlərimizi təqdim etməyə hazırıq”, - deyə nazir bildirib.
Papikyanın sözlərinə görə, Ermənistan sülh təklifləri ilə çıxış edir.
“Mən hesab etmirəm ki, regionda eskalasiya üçün əsaslar var. Təbii ki, hər şeyi təkcə Ermənistan və bir qonşu müəyyən etmir. Region çətin dövrünü yaşayır, lakin mövcud problemləri danışıqlar yolu ilə həll etmək olar”, - Papikyan bildirib.
Nazir 2024-cü ilin Silahlı Qüvvələrin inkişafı üçün çox mühüm və əlverişli il olduğunu söyləyib
Müdafiə naziri üç amili xüsusi qeyd edib: təhsil, Silahlı Qüvvələrin Transformasiya Konsepsiyasından irəli gələn tədbirlərin həyata keçirilməsi və Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması.
Təhsil sahəsində aparılan islahatları təqdim edən nazir qeyd edib ki, Yunanıstan, Fransa və ABŞ-da daha çox hərbçi təhsil almağa başlayıb, attestasiya sisteminin tətbiqi bir hissəsinin maaşlarının xeyli artmasına səbəb olub.
Silahlı Qüvvələrin döyüş səmərəsinin artırılmasına yönəlmiş tədbirlərə keçən nazir PUA qoşunlarının əlaqələndirilməsini həyata keçirən bölmənin yaradılmasını, eləcə də müdafiə sektorunda rəqəmsallaşma işlərini diqqətə çatdırıb.