Modern.az

İqtidar-müxalifət dialoqu: "Dalaşmaqdansa, danışmaq yaxşıdır"

İqtidar-müxalifət dialoqu: "Dalaşmaqdansa, danışmaq yaxşıdır"

Aktual

26 Fevral 2025, 17:22

Xəbər verdiyimiz kimi Bakıdakı "Hilton" otelində Prezident Administrasiyasının təşkilatçılığı ilə “Suverenliyin bərpası: siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması” mövzusunda dəyirmi masa keçirilib.

Modern.az mövzu ilə bağlı Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayevlə həmsöhbət olub.

O bildirib ki, keçirilən dəyirmi masada ölkədə qeydiyyatda olan partiya rəhbərlərinin demək olar ki, hamısı iştirak edib:

“Hesab edirəm ki, keçirilən tədbir ölkədə başladılmış siyasi dialoqun növbəti mərhələsidir. Siyasi dialoq təqribən 5 il əvvəl başladılıb. Bunun başlanması üçün ölkə Prezidentinin açıq mövqeyi ortada idi ki, siyasi təşkilatlarla hakimiyyət arasında kommunikasiya qurulsun, münasibətlər yaradılsın”.

Partiya sədrinin sözlərinə görə, əvvəl siyasi hakimiyyətlə müxalifət arasında ciddi gərginlik var idi, tərəflər bir-birini tanımırdı:

“Vasitəçilər yolu ilə müxalifətlə hakimiyyət arasında danışıqlar gedirdi. Bu da ölkəmizin mənafeyi baxımından əhəmiyyətli bir şey vermirdi, əksinə ziyan edirdi. Sonra Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı. Rəhbəri də hörmətli Ədalət Vəliyev oldu. Şöbənin fəaliyyəti göz önündədir, siyasi partiyalarla hakimiyyət arasında ciddi əlaqələr qurulub. İlk olaraq 44 günlük müharibədə hakimiyyətlə müxalifət arasındakı əlaqənin müsbət təsirini biz gördük. Ondan sonrakı mərhələdə də münasibətlər normal davam etdi. Bu addım gərginliyin azalmasına səbəb oldu, Azərbaycana qarşı kənar müdaxilələrin qarşısının alınmasında rol oynadı. Azərbaycanda gərginlik yaratmaq istəyən qüvvələr müxtəlif qruplardan istifadə edirdilər. Siyasi təşkilatlar da hədəflərdən biri idi”.

E.Musayev qeyd edib ki, partiya sədrləri görüşdə müxtəlif məsələlərlə bağlı çıxışlar etdilər:

“Mən radikal meyillərin aradan götürülməsində siyasi partiyaların rolundan danışmağa üstünlük verdim. Çünki adətən ölkədə gərginlik yaratmaq üçün radikal meyillərdən daha çox istifadə olunur. Buna qarşı da ölkənin hüquq mühafizə orqanları ilə bərabər siyasi təşkilatlar mübarizə aparmalıdır. Nəticə etibarilə hesab edirəm ki, bu görüşlər davam etməlidir. Belə qərara gəlindi ki, Xocalı və Xankəndinə birgə səfər təşkil olunsun. Bu müsbət addımdır, hakimiyyət tərəfindən bu addımın atılacağı gözlənilir. Qarşıda bizim görüləcək xeyli işlərimiz var. Hesab edirəm ki, dalaşmaqdansa danışmaq yaxşıdır. Artıq ölkədə sivil münasibətlər formalaşıb. Hakimiyyətlə müxalifət istənilən məsələni birlikdə müzakirə edə bilir. Bu ölkədə siyasi dialoqun müəyyən səviyyəyə gəlib çıxdığını göstərir. Bundan sonrakı mərhələdə də mənfi müsbət nə məsələ varsa, birgə müzakirə edilməlidir. Ölkədə siyasi təşkilatlarla hakimiyyət arasında normal münasibətlər olmalıdır. Hesab edirəm ki, tutulan bu yol doğru yoldur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu