Modern.az

“Əmək münasibətləri və məşğulluq: müasir çağırışlar və rəqəmsal həllər” mövzusunda konfrans - FOTOLAR

“Əmək münasibətləri və məşğulluq: müasir çağırışlar və rəqəmsal həllər” mövzusunda konfrans - FOTOLAR

Aktual

28 Fevral 2025, 15:48

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağdaşda konfrans keçirilib.

Bu barədə Modern.az-a Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib. Bildirilib ki, “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Əmək münasibətləri və məşğulluq: müasir çağırışlar və rəqəmsal həllər” mövzusunda keçirilən konfransda Ağdaş Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Orxan Hüseynzadə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və işəgötürənlər iştirak ediblər.

Ağdaş RİH-nin başçısı Orxan Hüseynzadə çıxış edərək, bu konfransın əmək və məşğulluq sahəsində aparılan islahatlarla bağlı maarifləndirici rolundan danışıb.

Sonra panel müzakirələr keçirilib. “Əmək münasibətləri və məşğulluq sahəsində yeniliklər və perspektivlər” mövzusunda keçirilən ilk paneldə O.Hüseynzadə, V.Quliyev və S.Əliyev spiker qismində çıxış edib, mövzu ilə bağlı sualları cavablandırıblar.

V.Quliyev son illər aparılan sosial islahatlar, bu islahatlar çərçivəsində Xidmətin həyata keçirdiyi tədbirlər barədə məlumat verib, əmək münasibətlərinin rəsmiləşdirilməsi və bu münasibətlərin tənzimlənməsi üzrə qanunvericiliyə edilmiş son dəyişikliklərə əsasən tətbiq edilən yeni rəqəmsal həllərdən, onların işəgötürənlər və işçilər üçün yaratdığı imkanlardan söz açıb.

Ötən il əməyin mühafizəsi sahəsində 57 milli standartın təsdiq edildiyi, əməyin təhlükəsizliyi üzrə yeni layihələrdən olan “Nümunəvi işəgötürən” layihəsinin regionlarda, o cümlədən Ağdaşda tətbiqindən gözlənilən faydalar sahibkarların diqqətinə çatdırılıb. Bildirilib ki, əmək münasibətlərinin tənzimlənməsi və əməyin mühafizəsinin təmini istiqamətində edilən son qanunvericilik dəyişiklikləri, tətbiq olunan rəqəmsal həllər və başlanılan yeni layihələr işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin pozulması hallarının qarşısının alınması üçün preventiv və proaktiv tədbirləri genişləndirir.

S.Əliyev Dövlət Məşğulluq Agentliyində yeni konsepsiyaya uyğun olaraq karyera məsləhətçisi institutunun yaradıldığını, mütəmadi olaraq karyera məsləhətçiləri ilə işəgötürənlərin görüşlərinin keçirildiyini, onların tələblərinin öyrənildiyini bildirib. Diqqətə çatdırıb ki, hazırda işəgötürənlərlə peşə hazırlığı, vakansiya bankı, əmək yarmarkalarının təşkili, birgə maliyyələşmə proqramı istiqamətində əməkdaşlıq edilir. Yaxın zamanda isə bu siyahıya kvotadan əlavə iş yerlərinin maliyyələşdirilməsi və məqsədli proqramlar da daxil ediləcək.

Konfransın ikinci paneli “Layiqli əməyin təmini: rəqəmsal həllər və yeni iş imkanları” mövzusunda olub. İlk olaraq Dövlət Əmək Müfəttişliyi Xidməti və Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti ilə bağlı təqdimatlar edilib, daha sonra suallar cavablandırılıb.

Tədbirdə, həmçinin əmək münasibətləri, əməyin mühafizəsi və məşğulluğa dair videoçarxlar nümayiş olunub.

Həmçinin sahibkarlarla birgə dəyirmi masa keçirilib, onları maraqlandıran suallar cavablandırılıb və təklifləri dinlənilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu