Türkiyə və Britaniya bu gün Ankarada Suriya üzrə məsləhətləşmələr aparacaq.
Modern.az xəbər verir ki, bu barədə "Anadolu"nun diplomatik mənbələrə istinadən məlumatında bildirilib.
Mənbələrin bildirdiyinə görə, danışıqlara Türkiyə xarici işlər nazirinin müavini Nuh Yılmaz və Böyük Britaniyanın Yaxın Şərq üzrə katibi Hamiş Falkoner rəhbərlik edəcək.
Məsləhətləşmələrdə Suriya və ümumi gündəmdəki digər regional məsələlər müzakirə olunacaq. Yılmazın Suriyadakı təhlükəsizlik, sabitlik və iqtisadi vəziyyətlə bağlı Türkiyənin fikir və gözləntilərini bölüşəcəyi gözlənilir.
Müzakirələrdə Suriya administrasiyasının mərkəzi hökumət daxilində milli barışıq istiqamətində atdığı addımlara beynəlxalq dəstəyin əhəmiyyətinin vurğulanması gözlənilir.
Suriyanın yenidən qurulması və iqtisadi inkişafının asanlaşdırılması üçün bütün sanksiyaların qeyd-şərtsiz ləğv edilməsinin zəruriliyi də vurğulanacaq.
“Danışıqlarda həmçinin Suriyanın gələcəyində terrora yer olmadığı vurğulanacaq və əsas diqqət İsrailin Suriyanın suverenliyini açıq şəkildə pozan və təhdid edən hərəkətlərinin dayandırılması zərurətinə yönəldiləcək”, - Türkiyə mediası yazır.