Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 106-cı ildönümü tamam olur. Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılmasından götürür.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1997-ci il 23 mart tarixli Sərəncamına əsasən, hər il martın 28-i təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.
1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsi təşkil edilib. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra isə onun qardaşı Nağı Şeyxzamanlı olub.
Modern.az-a açıqlamasında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, kəşfiyyat, əks-kəşfiyyat, eyni zamanda terrorla mübarizədə və digər sahələrdə öz işini yüksək səviyyədə qurub:
"Mən də fürsətdən istifadə edib təhlükəsizlik xidmətinin rəhbərliyi başda olmaqla bütün şəxsi heyətini təbrik edir, onlara bu şərəfli, eyni zamanda çətin vəzifələrini həyata keçirərkən uğurlar arzu edirəm. Bu peşəni həyata keçirərkən şəhid olmuş bütün əməkdaşların yaxınlarına başsağlığı verirəm. Əsas məsələ ondan ibarətdir ki, bu gün milli təhlükəsizlik sistemi, dövlət təhlükəsizlik xidməti deyəndə hər bir Azərbaycan vətəndaşı qürur hissi keçirir. Çünki bu qurum bizim dövlətə və dövlətçiliyimizə qarşı olan təhdidlərin qarşısının alınmasında ən ciddi işlər görən qurumlardan biridir. Bu çox mühüm məsələdir. Qurum kəşfiyyat, əks-kəşfiyyat, eyni zamanda terrorla mübarizədə və digər istiqamətlərdə öz işini yüksək səviyyədə qurub. Əsas məsələ ondan ibarətdir ki, əməliyyat şəraitinə nəzarət edərək gələcəkdə olacaq təhdidlərin qarşısını almağa qadir olan, dövlətçiliyi istiqamətində addım atan bir qurumdur. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında bu qurum çox mühüm məsələlərdə-istər 44 günlük Vətən müharibəsində, istərsə də birgünlük lokal xarakterli antiterror əməliyyatlarında özünü göstərdi. Son vaxtlar bir sıra dövlətlərin xüsusi xarici xidmət orqanlarının Azərbaycana qarşı törədə biləcəyi məkrli siyasətin qarşısını ala bildi. Bu qurum hazırda peşəkar rəhbərlik, eyni zamanda əməkdaşlarıyla birlikdə Ali Baş Komandan tərəfindən qarşılarına qoyulan dövləti və dövlətçiliyi qorumaq istiqamətində vəzifəni yerinə yetirmək üçün çox ciddi addımlar atır. Bunun da təməli məlum məsələdir ki, ümumilli lider Heydər Əliyevin vaxtından qoyulub. Ümumilli Lider 1944-cü ildən 1969-cu ilə qədər xüsusi xidmət orqanlarında əməliyyat müvəkkilindən, həmin komitənin rəhbəri vəzifəsinə qədər ucalıb. Onun milli kadr potensialının yetişdirilməsi istiqamətində gördüyü işlər ən mühüm, yaddaqalan əsas addımlarında biridir. Bu gün həmin ideya və amallara söykənərək bugünkü təhlükəsizlik orqanın rəhbərliyi Ali Baş Komandanın göstərişlərinə, tapşırıqlarına, siyasətinə uyğun olaraq, ən yüksək səviyyədə öz işini qurmaqdadır".
Komitə sədri vurğulayıb ki, peşəkarların yetişdirilməsi istiqamətində işlər gedir:
"Peşəkarların yetişdirilməsi düşünürəm ki,uzun prosesdir. Vətənini, xalqını, bayrağını, gerbini, Ali Baş Komandınını sevən peşəkarlar olmaldıır. Hər bir DTX əməkdaşı bu amalı öz qarşısında məqsəd qoyub. Peşəkarların hazırlığı SSRİ vaxtı başqa cür idi. İndi isə akademiyamız var. Akademiyanın çox peşəkar müəllimləri, eyni zamanda rəhbərliyi var. Onun bazasının yaradılmasında bir daha qeyd edirəm ki, Ali Baş Komandanın tapşırığı ilə Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyinin rolu danılmazdır. Peşəkarların yetişdirilməsi istiqamətində digər mühüm addımlar da atılır".