Türkiyənin daxili siyasətinə bizim azərbaycanlı siyasətçilər, əlbəttə, şərh bildirə bilər. Amma bəzən elə şərhlərə, analizlərə rast gəlirəm ki, ya həddindən ziyadə iqtidar, ya da müxalifət tərəfdarları olur.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Türkiyə Parlamentlərarası İşçi Qrupunun üzvü Tənzilə Rüstəmxanlı bildirib.
O qeyd edib ki, Azərbaycan üçün Türkiyə dövlətinin münasibəti önəmlidir:
"Bir zamanlar mən də Türkiyənin daxili siyasətinə fikirlərimlə, yazılarımla çox müdaxilə edirdim. Düşünürəm ki, bu yanlışdır. Türkiyədə olanlara Azərbaycan dövləti təmkinli yanaşır. Çünki bizim üçün önəmli olan Türkiyə dövlətinin yanaşmasıdır. Özəlliklə Azərbaycana, türk dünyasına münasibətdə dövlətin yanaşması önəmlidir. Türk dövləti Azərbaycanın, həm də dünyada yaşayan türklərin, həm də türk dünyasının tək dayandığı, arxalandığı dövlətdir. Hər zaman Türkiyə Cümhuriyyəti dövləti bunları müdafiə etməyə çalışıb. Mənim üçün Türkiyə bu deməkdir".
T.Rüstəmxanlı Özgür Özəlin yenidən CHP sədri seçilməsi ilə bağlı isə bunları deyib:
"Türkiyədə seçkilər demokratik keçirilir. Özgür Özəlin Azərbaycana münasibəti çox yüksək səviyyədədir. Bunu tanıdığım üçün deyirəm, açıqlamalarından bilirəm. Cümhuriyyət partiyasıdır, onun daxilində müxtəlif millətlərin nümayəndələri var. Biz burada seçim edə bilmərik. Türkiyə vətəndaşı olan hər bir millətin nümayəndəsi Cümhuriyyət Xalq Partiyasında, o cümlədən də hakim Ədalət və İnkişaf Partiyasında təmsil olunur. Ona görə müxtəlif fikirlər və yanaşmalar ola bilər. Mən düşünürəm ki, bizim üçün Cümhuriyyət Xalq Partiyasının Azərbaycana baxışı çox önəmlidir. Qalan məsələlər partiyanın daxili işidir. Seçki nəticəsində Özgür Özələ etimad göstərilir. Ən əsası o, Türkiyəmizin ziyanına hər hansı işin altına qol qoyacaq adam deyil".
Deputat vurğulayıb ki, Türkiyəni sərhədində baş verənlərdən kənarda tutmaq üçün onun daxilində qarışıqlıq yaratmaq istəyirlər:
"Suriyada müəyyən proseslər gedir, orada əlaqələrim var. Türkmən federasiyasının başqanları gəlmişdi, görüşlərimiz oldu. Orada hökumət quruldu, kabinəyə bütün millətlər, hətta yəhudilər daxil edildi. Bir tək türkmənləri kabinəyə almadılar. Bax, məsələ budur. Türkiyəmizin sərhədində təhlükəli dövlətlər qurmağa çalışan beynəlxalq güclərin, təşkilatların marağından kənarda tutmaq üçün onun başını bəzən daxili işlərlə qatırlar. Hansı seçim olursa-olsun, Türkiyəmiz üçün xeyirli olsun. Türkiyə nə qədər Yaxın Şərqdə güclü olursa, türk dünyası güclənmiş olur. Türkiyə-Azərbaycan əlaqələri yüksək səviyyədədir. Bu birlik Azərbaycanın uzun illər işğalda olmuş ərazilərinin azad edilməsi, Qarabağ zəfəri ilə taclandı. Buna baxmaq lazımdır. Türkiyənin daxili və xarici siyasətində onun mənafelərini göz önündə bulundurulmasını istəyirəm. Yoxsa qalxıb tərəfli mövqe nümayiş yanlışdır. Biz əgər münasibət bildirəcəyiksə, vacib olan Türkiyə dövlətinin güclənməsi, söz sahibi olması, onun sərhədlərində baş verən proseslərdən kənarda qoyulmaması bizim üçün prioritet məsələlərdən biri olmalıdır".