Modern.az

Vatikanda Azərbaycandakı xristianlıq müzakirə olunub

Vatikanda Azərbaycandakı xristianlıq müzakirə olunub

Aktual

10 Aprel 2025, 17:02

Aprelin 10-da Müqəddəs Taxt-Tacın Vatikan Qriqorian Pontifik Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyi və Alban-Udi Xristian Dini İcmasının birgə təşkilatçılığı ilə “Azərbaycanda xristianlıq: tarix və müasirlik” mövzusunda Qafqaz Albaniyası irsinə həsr edilən XII beynəlxalq elmi konfrans keçirilib.

Açılış mərasimində çıxış edən ölkəmizin Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov bildirib ki, konfrans Azərbaycanda xristianlığın, dini müxtəlifliyin və multikulturalizmin zəngin tarixinin araşdırılmasına həsr olunub. Diplomat qeyd edib ki, Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan uzun müddətdir ki, müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və dinlərin qovuşduğu məkan olub. Bu baxımdan, belə bir mühüm tədbirin nüfuzlu Qriqorian Pontifik Universitetində keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

“Zəngin və çoxşaxəli tarixi boyu xristianlıq bu bölgənin mədəni və mənəvi mənzərəsinin formalaşmasında mühüm rol oynayıb. Xristian inancının ilk günlərindən bu günə qədər Azərbaycan xristian icmalarının və irsinin mövcudluğunun şahidi olub, onların hər biri özünəməxsus və davamlı şəkildə cəmiyyətin quruluşuna töhfə verir. Tarixi mənbələr Azərbaycanın xristianlığın qədim ərazilərindən biri olduğunu göstərir. Həmçinin Azərbaycan qədim Şərq kilsəsinin – dünyanın ən qədim kilsələrindən biri olan Alban Apostol Kilsəsinin vətənidir. Müasir dövrümüzə qədər uzanan qədim xristian kilsələri, monastırlar və məbədlər ölkəmizdə xristianlığın necə tarixi əlaqələrə malik olduğunu əyani şəkildə göstərir”, - deyə İlqar Muxtarov bildirib.

Səfir vurğulayıb ki, 2002-ci ildə Roma Papası II İohan Pavel, ardınca isə 2016-cı ildə Papa Fransisk Azərbaycana apostol səfəri zamanı həm Azərbaycanı xristianlığın qədim mərkəzlərindən biri, həm də multikultural dəyərlərə dərin kök salmış bir xalq kimi vurğulayıblar: “Onlar ölkənin zəngin xristian irsini və onun müxtəlif dinlər arasında dini birgəyaşayış, tolerantlıq və dialoqun simvolu rolunu qeyd ediblər”.

Daha sonra Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti, kardinal Corc Yakob Kuvaqadın, eləcə də Şərq Kilsələri üzrə Dikasteriyanın prefekti, kardinal Klaudio Qucerottinin konfrans iştirakçılarına ünvanlandıqları məktublar səsləndirilib.

AMEA-nın Tarix və Etnologiya İnstitutun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov çıxışında vurğulayıb ki, Odlar yurdu Azərbaycan uzun bir tarixi inkişaf yolu keçib. Bu tarixi yolun min illik dövrü Qafqaz Albaniyası ilə bağlıdır.

Kərim Şükürov qeyd edib ki, Azərbaycan dünya sivilizasiyasına dəyərli töhfələr verib, burada mühüm tarixi sivilizasiyalar mövcud olub. Onların içərisində xristianlıq sivilizasiyasının da xüsusi yeri var: “Təəssüflə qeyd etmək lazımdır ki, dünyanın müxtəlif ölkələrindəki bəzi elmi, hətta siyasi dairələr Azərbaycanı bu tarixi irsdən ayırmağa çalışır. Bütün bu cəhdlərə baxmayaraq, Azərbaycan bu irsə yüksək dəyər verir, onu həssaslıqla mühafizə edir. Ona görə də Azərbaycanda Qafqaz Albaniyasının, onun dini-mənəvi həyatının tərkib hissəsi olan xristianlığın həm tarixi, həm də müasir kontekstdə araşdırılması çox önəmlidir”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov diqqətə çatdırıb ki, mərkəz Qafqaz Albaniyası irsinin öyrənilməsinə xüsusi diqqət yetirir: “Bunun bir neçə səbəbi var. Azərbaycan müsəlman ölkəsi kimi tanınır. Çünki Azərbaycan əhalisinin təxminən 95 faizi İslam dininə mənsubdur, lakin Azərbaycanda multikulturalizm dəyərləri və tolerantlıq yüksək səviyyədədir və dünyəvi ölkədir. Azərbaycanda zəngin İslam irsi ilə yanaşı, xristian və yəhudi irsi də var. Bu gün cəmiyyətimizdə bütün dinlərin nümayəndələri dini inanclarını sərbəst şəkildə yaşaya bilirlər. Qürur hissi ilə deyə bilərik ki, həm Qafqazın ən qədim məscidi – Şamaxı məscidi, həm də ən qədim kilsə – Kiş məbədi Azərbaycanda yerləşir. Biz bu mədəni və dini müxtəlifliyi qoruyub saxlayırıq”.

Rəvan Həsənov qeyd edib ki, Azərbaycanda multikulturalizm sadəcə bir konsepsiya və ya akademik nəzəriyyə deyil, Azərbaycan xalqının həyat tərzidir və dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Alban-Udi Xristian Dini İcmasının sədri, Bakı Dövlət Universitetinin böyük elmi işçisi Robert Mobili Azərbaycanın müxtəlifliyə dəyər verən, bütün xalqlara və dinlərə hörmət göstərən, onların hüquq və azadlıqlarını qoruyan müqəddəs torpaq olduğunu diqqətə çatdırıb.

Sonra konfrans bölmə iclasları ilə davam edib. “Azərbaycanın müasir xristian icmaları multikultural cəmiyyətin sütunu kimi”, “Azərbaycan: Tarixi coğrafiya və dövlətçilik”, “Azərbaycanda xristianlıq: mənbəşünaslıq və tarixşünaslığa dair”, “Qafqaz Albaniyasının arxeoetnoqrafik, linqvistik və mədəni irsi” mövzularını əhatə edən bölmə iclaslarında Türkiyə, Qazaxıstan, Özbəkistan, Koreya Respublikası, Rusiya, Polşa, İtaliya, Gürcüstan, Almaniya, Fransa, Kanada, ABŞ və Litvadan olan albanşünas mütəxəssislərin məruzələri dinlənilib və bu mövzular ətrafında geniş  müzakirələr aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI