Azərbaycan Dövlət İqtisad Universitetində Türk Dünyası İqtisad Fakültəsi,Türk Dünyası Gənclər Təşkilatı və İqtisadçı Vətənpərvərlər Təşkilatının birgə təşkilatçılığı ilə “Qəhrəmanların izi ilə: Aprel Döyüşləri” adlı tədbir keçirilib. Tədbirdə universitetin müəllim və tələbə heyəti, eləcə də Aprel döyüşlərindənin qaziləri iştirak ediblər.
Tədbirin əvvəlində Vətən uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra, Azərbaycan himni səslənib. Aprel döyüşlərindən və Zəfər tariximizdən bəhs edilən qısa film izlənilib.
Türk Dünyası Gənclər Təkilatının sədr müavini Ziyad bildirib ki, torpaq üçün şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, biz isə onların iziylə şərəfli bir yolla addımlayırıq.
“2016-cı ildə düşmən təxribatının qarşısını alamaq üçün başlanılan ilk həmləmiz Azərbaycanın – qəhrəmanlıq, birlik və sədaqət salnaməsinə çevrildi. Biz gənclər də onların xatirəsini əziz tutur, arzularının həyata keçməsini əməli işimizdə göstərməyə çalışırıq”.
Universitetin Türk Dünyası İqtisad Fakültəsinin müəllimi Nəriman Məmmədov Aprel döyüşlərinin əhəmiyyətindən və eyni zamanda universitetin vətən uğrunda şəhid olan tələbələrindən danışıb. Qeyd edib ki, Qarabağ döyüşlərində universitetin 48 tələbəsi şəhid olub.
Aprel və Zəfər döyüşlərinin iştirakçıları Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Əhliyət Mehdiyev, gizirlər Elvin Orucov, Xaqani Məmmədov və sıravi Müseyib Qəhrəmanov da tələbələrə keçdikləri şanlı döyüş yolundan, dost itkisindən, şəhidlik mərtəbəsinin ucalığından danışıblar.
“Qalibiyyət: şahidlər və şəhidlər” ikicildliyinin müəllifi, türk dünyasının araşdırmaçı yazarı, jurnalist Aida Eyvazlı Göytürk 2016-cı ilin ilk aprel günlərində başlanan döyüşün bugünkü qələbəmizin müjdəçisi olduğunu deyib. O, Aprel döyüşləri şəhidlərinin ailəsinə baş çəkdiyini, döyüşün şahidlərinin söhbətlərini qələmə alarkən bu günkü Zəfərə inandığını söyləyib. Ali Baş Komandan İlham Əliyevin və onun müzəffər əsgərlərinin qazandığı Zəfəri türk dünyasının zəfəri, Qarabağın düşməndən azad olmasını isə Türk Dövlətləri Təşkilatının yaranmasına bir ümid və inam verdiyini qeyd edib.
Sonra Fövqəladə Hallar Nazirliyinin Akademiyasının hərbi orkestrinin solisti, gizir Anar İlhamlı özünün bəstələdiyi qəhrəmanlıq mahnılarını ifa edib.
Görüşün sonunda tələbələrlə xatirə şəkli çəkdirilib.