İlham Əliyevin Antaliya Diplomatiya Forumunda iştirakı Azərbaycan diplomatiyasının Cənubi Qafqaz sərhədlərinin aşmasının göstəricisi idi.
Türkiyənin Antaliya şəhərində keçirilən sayca 4-cü “Antaliya Diplomatiya Forumu” öz siyasi çəkisinə görə, böyük əhəmiyyətə malikdir. Nəzərə alsaq ki, dünyanın 150-dən çox ölkəsindən ümumilikdən beş mindən artıq iştirakçının, o cümlədən yüzə yaxın dövlət və hökumət başçısının, deputatların, müxtəlif icmaların, dünyanın tanınmış ictimai-siyasi xadimlərinin, media nümayəndələrinin qatıldığı bu beynəlxalq tədbir dünyadakı böhranların həlli, qlobal dağıdıcı dəyişikliklərin önünə keçilməsi və konfliktlərin müzakirəsi istiqamətində ictimaiyyətə mühüm bir platforma təqdim etdiyini bir daha təsdiqləmiş oldu. Xüsusilə, Cənubi Qafqaz regionu ilə bağlı müzakirələr Azərbaycan nöqteyi nəzərindən olduqca müsbət dəyərləndirilir.
Bunu Modern.az-a açıqlamasında “ İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli deyib.
QHT sədrinin sözlərinə görə, Cənubi Qafqazla bağlı Azərbaycan, Ermənistan və Gürcüstan xarici işlər nazirlərinin paneli çox mühüm və dünyaya verilən mesaj baxımından əhəmiyyətli idi: “Çünki digər buna bənzər forumlardan fərqli olaraq, bu panel müzakirələrində Ermənistan xarici işlər naziri Arorat Mirzoyanın yalanlarının ifşası elə yerindəcə baş verdi. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun erməni həmkarına cavabı əslində erməni yalanlarının arxasında dayanan Qərbə yönəlik mesaj idi. Digər tərəfdən, ölkə başçısının ADA-universitetində keçirdiyi mötəbər beynəlxalq tədbirin ardınca ilk dəfə Antaliya Forumuna qatılması və orada keçirdiyi ikitərəfli görüşlər olduqca yüksək dəyərləndirilməlidir.
Çünki Azərbaycan prezidenti yalnız Cənubi Qafqazın lideri kimi deyil, eyni zamanda Yaxın Şərqdəki gərginliklərin azaldılmasında da fəal iştirak edir. Türkiyə İsrail danışıqlarına Azərbaycan ev sahibliyi edir, COP-29-dan sonra ada dövlətlərinin problemlərinin həlli və s kimi məsələlərin dünya gündəminə gətirilməsi istiqamətində ciddi addımlar atır.
Bu gün Suriyada, Qəzzada və eləcə də İsraillə Türkiyə arasındakı münasibətlərin normallaşmasında Azərbaycan aparıcı rola malikdir. Bu da Azərbaycanın regional yox, həm də qlobal proseslərdə iştirakını şərtləndirən amillərdir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan prezidentinin açıqlamaları dünya tərəfindən ciddi şəkildə izlənilir və təhlil edilir. Cənab prezidentin özü qeyd etdiyi kimi bir ölkənin isə gücü onun liderinin güclü olmasındadır. Bu baxımdan, Antaliya Diplomatiya Forumu istər, Azərbaycanın iki tərəfli və çox tərəfli münasibətlərinin inkişafı baxımından, istər, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, istərsədə, Qərbi Azərbaycanlıların öz yurdlarına qayıtması ilə bağlı rəsmi Bakının mövqeyinin dünyaya çatdırılması baxımından ciddi siyasi platforma kimi uğurlu sayıla bilər.”
QHT sədrinin sözlərinə görə, yeni dünya düzəninin prinsiplərinə əsasən, Azərbaycanın uğurlu diplomatiyası, artıq öz müsbət nəticələrini sərgiləməkdədir. Antaliya Diplomatiya Forumu da bunlardan nöbətisidir.