Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, əvvəlki bütün konstitusiya referendumları xalqın iradəsini əks etdirmir.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan bunu İrəvanda keçirilən konfransda deyib.
Baş nazirin sözlərinə görə, Ermənistanda asayiş və cəmiyyət arasında uçurum var. Ədliyyə sektorunda problemlər məhz buna görə yaranır.
“Və bu boşluq digər məsələlərlə yanaşı, bütün konstitusiya referendumları zamanı ictimaiyyətin rəsmi nəticələrin xalqın iradəsini ifadə etmədiyi və ya tam ifadə etmədiyinə əmin olması ilə bağlıdır”, - Paşinyan bildirib.
O, hesab edir ki, mövcud hüquq nizamı ilə cəmiyyət arasında “üzvi əlaqə” olmalıdır.
Bundan əvvəl Paşinyan bəyan etmişdi ki, ölkənin yeni konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır.
Ermənistanın ilk Konstitusiyası 5 iyul 1995-ci ildə keçirilmiş referendum nəticəsində qəbul edilib. İlk konstitusiyanın qəbulu Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyanın vaxtına (1991-1998) təsadüf edib.
Konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, sənəddə keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunub.
Sonralar Ermənistanda konstitusiyaya dəyişikliklə əlaqədar iki dəfə referendum keçirilib. Hər iki referendum zamanı Qarabağın Ermənistana birləşdirilməsi müddəasının yer aldığı Müstəqillik Bəyannamasinə istinad olduğu kimi saxlanılıb, əl dəyilməyib.
İlk konstitusiya dəyişikliyi 2-ci prezident Robert Köçəryanın dövründə, ikinci dəyişiklik referendumu isə 3-cü prezident Serj rəhbərliyi altında həyata keçirlib.
Belə ki, 27 noyabr 2005-ci ildə keçirilən referendumla bəzi düzəlişlər edilmiş yeni konstitusiya qəbul edilib.
6 dekabr 2015-ci il tarixində keçirilmiş növbəti referendum nəticəsində yenidən konstitusiyada dəyişikliklər edilib və beləliklə də, dövlətin siyasi quruluşu yarıprezident respublikası sistemindən parlamentli respublikaya dəyişdirilib.
Ermənistan Respublikasının hazırkı Konstitusiyası preambula (ön söz) və 9 fəsildən ibarətdir.
Preambula konstitusiyanın ümumi prinsiplərini və məqsədlərini bildirir. Bu isə Ermənistanın Konstitusiya səviyyəsində qonşu dövlətə ərazi iddiası irəli sürdüyünü deməyə əsas verir.
Rəsmi Bakı hesab edir ki, Ermənistan Konstitusiyası dəyişməsə, qarşıdakı illərdə hakimiyyətə gələ biləcək hansısa “revaşist qüvvələr”ə Azərbaycana qarşı yenə ərazi iddiaları ilə çıxış etməyə səbəb verəcək.
Ermənistan konstitusiyasına görə, siyahıya alınmış seçicilərin ən az 25 faizi və referenduma qatılan seçicilərin 50 faizindən çoxu dəyişikliyin lehinə səs verməlidir.
Baş nazir Nikol Paşinyan 2024-cü ildə tamamilə yeni Konstitusiya layihəsi hazırlamaq üçün komissiya yaratmaq barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, yeni Konstitusiya layihəsi 2026-cı ilin sonuna qədər hazırlanmalıdır. Ermənistanda konstitusiya islahatları ilə bağlı referendumun 2027-ci ildə keçirilməsi planlaşdırılır. Amma bu tarix önə də çəkilə bilər.
A.Qorxmaz