Modern.az

Ermənistanda təşviş: növbəti delimitasiya buradan başlayacaq

Ermənistanda təşviş: növbəti delimitasiya buradan başlayacaq

Aktual

23 Aprel 2025, 09:12

Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı yeni mərhələnin Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin kəsişməsində baş tutacağı gözlənilir.

Modern.az-ın məlumatına görə, bu barədə erməni jurnalist Voskan Sarkisyan sosial şəbəkədə bildirib.

“Bu ərazi Noyemberyan icmasının Koğb və Berdavan adlı erməni kəndləri ilə həmsərhəddir.

Tavuş sərhəd zonasında xidmət edən hərbçilər anonimlik şərti ilə bildiriblər ki, bu ərazidə delimitasiyaya hələ aprelin 15-də başlanmalı idi.

Hərbçilərin sözlərinə görə, delimitasiya ləngiyir, çünki sərhəd əraziləri Azərbaycana veriləcək, nəticədə erməni mövqeləri arxaya çəkiləcək, yeni mövqelər isə hələ qazılmayıb və təchiz edilməyib.

Sərhədçilər bildiriblər ki, delimitasiyanın yeni mərhələsi nəticəsində sərhəd xətti yaşayış məntəqələrimizə yaxınlaşacaq ki, bu da Kirants, Berkaber, Bağanis kəndlərində olduğu kimi kəndlilərin torpaq əkib-becərmə və mal-qara bəsləmək işini xeyli çətinləşdirəcək”, - Sarkisyan qeyd edib.

Jurnalistin açıqlaması Ermənistanda, xüsusilə Noyemberyan bölgəsində təşviş yaradıb.

Xatırladaq ki, 2025-ci il yanvarın 16-da baş nazir müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin rəhbərlik etdiyi komissiyaların növbəti iclasının yekunlarına əsasən, tərəflər sərhədin şimal hissəsindən - Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin qovşağından cənuba - İran sərhədinə doğru irəliləməklə bir sıra delimitasiya işlərinə başlamaq barədə razılığa gəliblər.

Hazırda Qazaxın Sofulu, Barxudarlı, Yuxarı Əskipara, Naxçıvanın Kərki kəndi işğal altındadır.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış