"Mənim bu mühüm vəzifəyə yenidən təyin olunmağıma dair ali qanunvericilik orqanına təqdimatla müraciət etdiyi üçün Ali Baş Komandan, möhtərəm Prezident cənab İlham Əliyevə öz adımdan və prokurorluq orqanlarının kollektivi adından dərin təşəkkürümü bildirirəm"
Modern.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Milli Məclisin 1 may tarixli plenar iclasında bildirib.
"Respublikamızın bugünkü uğurlarının əsasını müasir Azərbaycanın qurucusu, hüquq sisteminin əsasını təşkil edən Konstitusiyamızın müəllifi ümummilli lider Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı ilə yanaşı suverenliyimizin tam bərpasına hədəflənmiş strategiyası və uzaqgörən siyasəti təşkil etməkdədir.
Məhz bu strategiyanın Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən dünyada gedən qarışıq siyasi proseslər fonunda uğurla davam etdirilməsinin, habelə balanslaşdırılmış səmərəli xarici siyasətin aparılmasının və ordu quruculuğuna verilən önəmin nəticəsidir ki, “Vətən Müharibəsi” və daha sonra lokal xarakterli anti-terror tədbirləri ilə 30 ildən çox bir müddətdə davam etmiş ərazi bütövlüyümüz və suverenliyimizlə bağlı problemlərə birdəfəlik son qoyulmuş, ölkəmizin suverenliyi və konstitusiya quruluşu bütün ərazilərimizdə tam bərpa olunmuşdur.
Torpaqlarımız işğaldan azad edildikdən dərhal sonra möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə işğaldan azad olunmuş ərazilərdə uğurlu bərpa-quruculuq işlərinə başlanılmış, artıq Qarabağ və Şərqi Zəngəzura həyat qayıtmışdır", - K.Əliyev deyib.
O, namizədliyini dəstəklədikləri üçün deputatlara da təşəkkür edib.
Kamran Əliyev prokurorluğun qarşısında duran əsas vəzifələrdən danışıb və aşağıdakıları sadalayıb:
"Dövlətin təhlükəsizliyinə qəsd edən cinayətlərə qarşı mübarizənin gücləndirilməsi, dövlətçiliyin daxili və xüsusən də xarici təhdidlərdən müdafiəsi;
Cinayətkarlığın bütün növlərinə qarşı mübarizə və qanunçuluğun qorunmasında digər hüquq-mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə səylərin gücləndirilməsi;
Vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin edilməsi;
Dövlət və özəl sektorda korrupsiyanın bütün təzahür formalarına, eləcə də vəzifəli şəxslər tərəfindən törədilən cinayətlərə qarşı ciddi mübarizə tədbirlərinin həyata keçirilməsi, eyni zamanda kölgə iqtisadiyyatına qarşı kəsərli mübarizənin aparılması;
Hazırda ölkəmizdə reallaşdırılan sosial-iqtisadi inkişafa hədəflənən islahatlar kontekstində sahibkarların hüquqlarının qorunması, özəl sektorun inkişafına mane olan hüquqpozmaların qarşısı qətiyyətlə alınmaqla əlverişli biznes mühitinin təmin edilməsi;
Məhkəmələrdə dövlət ittihamının müdafiə edilməsi işinin təkmilləşdirilməsi, vahid və balanslaşdırılmış cəza siyasətinin təmin olunması istiqamətində tədbirlərin görülməsi, habelə cəza təyini və cəzadan azad edilmə halları zamanı ədalət prinsipinin tam təmin edilməsi;
Əhalinin hüquqi savadının artırılması məqsədilə maarifləndirmə tədbirlərinin genişləndirilməsi, habelə əhalinin həssas təbəqəsinin, xüsusən uşaq, qadın, yaşlı və digər qrup şəxslərin hüquqlarının ən yüksək səviyyədə qorunmasının təmin edilməsi;
Dövlətə və dövlətçiliyə sadiq gənc hüquqşünasların yetişdirilməsi, onların prokurorluq orqanlarında şəffaf prosedurlar əsasında işə qəbul edilməsi, müasir dövrün tələbinə uyğun olaraq prokurorluq əməkdaşlarının rəqəmsal savadlılığının artırılması, layiqli kadrların vəzifələrdə irəli çəkilməsinin diqqətdə saxlanılması;
“Elektron prokurorluq” informasiya sistemi daim təkmilləşdirilməklə süni intellektin istifadəsinin təmin edilməsi, ölkə üzrə rəqəmsal cinayət prosesinin tətbiqinə nail olunması;
İkitərəfli və çoxtərəfli əlaqələri inkişaf etdirməklə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi və qabaqcıl təcrübənin öyrənilərək tətbiqinin təmin edilməsi".