İmişli rayonunda 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı qaldırılıb. Hadisə rayonunun Sarıxanlı kəndində baş verib. Sosial şəbəkədə yayılan görüntülər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Tədbirdə, həmçinin rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edib.
Ağsaqqalla əlaqə saxladıqda isə o deyib: Bunun nəyi pisdir ki? SSRİ kimi böyük dövlət olub, onun bayrağıdır.İkincisi, bunun sizə nə aidiyyəti var. Boş-boş işlərlə məşğul olursunuz".
Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Milli Qəhrəman Vahid Quliyev hadisəni Modern.az-a şərh edib.
Saytımıza açıqlamasında o bildirib ki, hər halda SSRİ-nin bayrağını indi dalğalandırmaq düzgün deyil:
“Amma ağsaqqal adamdır, ola bilsin ki, müharibədə vaxtilə iştirak edib, yaddaşında qabarıq hislər var. Məhz bu, onu belə hərəkətə sövq edib. Azərbaycan indi müstəqildir. Azərbaycanımıza aid olan atributlardan istifadə etmək olar”.
Sonda V.Quliyev söyləyib ki, ola bilsin Saleh Səmədov öz səhvini başa düşəcək: “Hər halda bu hərəkət düzgün deyil və ola bilsin ki, özü də bunu başa düşəcək”.