Rusiya prezidenti Vladimir Putin Oleq Salyukovu ölkə Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı vəzifəsindən azad edib.
Modern.az xəbər verir ki, Putin bununla bağlı sərəncam imzalayıb.
Putinin sərəncamı ilə o, yeni vəzifəyə - Rusiya Təhlükəsizlik Şurası katibinin müavini postuna təyin edilib.
"Oleq Leonidoviç Salyukov Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini təyin edilsin, o, hazırkı vəzifəsindən azad edilsin", - sərəncamında deyilir.
O.Salyukov 2014-cü ilin may ayından Rusiya Federasiyası Silahlı Qüvvələrinin Quru Qoşunlarına komandanlıq edirdi. O, ordu generalıdır.
Quru Qoşunları Rusiya Federasiyası Silahlı Qüvvələrinin silahları və döyüş üsulları baxımından ən çox komplektləşmiş hərbi birliyidir. Ona motoatıcı və tank qoşunları, raket qoşunları və artilleriya, hava hücumundan müdafiə qoşunları, kəşfiyyat bölmələri və hərbi hissələr, mühəndis qoşunları, NBC mühafizə qoşunları və rabitə qoşunları daxildir.
Quru Qoşunlarının yeni komandanının kim olacağı hələ məlum deyil.