Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin - Yasin Hüseynzadənin edam cəzası bu gün səhər saatlarında icra edilib.
Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.
Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.
"Bu adi xəbər deyil, Azərbaycanın prinsipiallığının göstəricisidir"
Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-İran Parlamentlərarası İşçi Qrupunun üzvü Aydın Mirzəzadə bildirib ki, terrorçunun edam cəzasının icrası Azərbaycanın qətiyyətinin, prinsipallığının qələbəsidir:
"Bu hadisə cənab Prezidentimizin Azərbaycanın suverenliyinin qorunması istiqamətində apardığı prinsipial siyasətin nəticəsidir. Prezidentin göstərişi ilə keçən il terror hadisəsindən sonra səfirlik əməkdaşlarımızın tam ölkəmizə qaytarılması heç bir halda dövlətimizə qarşı təhdidlərə göz yummayacağımızın, vətəndaşlarımızın təhlükəsizliyinin təmin ediləcəyinin göstəricisiydi. Cənab Prezidentin qətiyyətli siyasəti öz nəticəsini verdi. Təsadüfi deyil ki, münasibətlərimizin soyuq olduğu, səfirliyimizin fəaliyyət göstərmədiyi bir dövrdə İranın bu və ya digər rəsmi şəxsləri Azərbaycana gələrək səfirliyin geri qaytarılmasını xahiş edirdilər. Azərbaycan Prezidentinin tələbi birmənalı idi-terrorçu öz layiqli cəzasını almalıdır,səfriliyimizin sonrakı fəaliyyətində təhlükəsizliyinə təminat verilməlidir. Hesab edirəm ki, bu məsələ həmişə ikitərəfli əlaqələrdə prioritet olub. Həm mərhum prezident İbrahim Rəisi ilə, eləcə də hazırki prezident Məsud Pezeşkianla görüşdə bu məsələ bir daha qaldırılmışdı. Bəli, səfirlik fəaliyyətini bərpa edib. Artıq münasibətlərimiz yaxşılaşmağa doğru gedir".
"İran Prezidentinin Azərbaycana səfəri münasibətləri bir daha dəqiqləşdirdi"
A.Mirzəzadə vuruğlayıb ki, Pezeşkianın Azərbaycana səfəri Azərbaycanın suverenliyinə hörmət etməsini həmişə birinci tələb kimi qoyur:
"Prezidentin tapşırığı ilə köməkçisinin İrana getməsi də onu göstərdi ki, Azərbaycan ancaq qarşılıqlı sürətdə maraqlarımıza, suverenliyimizə hörmət edildiyi təqdirdə istənilən dövlətlə, eləcə də qonşu İranla münasibətləri yüksək səviyyədə saxlamağa hazırdır. Şübhəsiz ki, İran Prezidentinin Azərbaycana səfəri münasibətləri bir daha dəqiqələşdirdi. Bu səfər bir daha göstərdi ki, Azərbaycan suverenliyinə hörmət edilməsini həmişə birinci tələb kimi ortaya qoyur. İnanıram ki, bundan sonra münasibətlərimiz mehriban qonşuluq, dostluq və maraqlarımıza hörmət əsasında olacaq".