"Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri çərçivəsində verdiyi bəyanat, Azərbaycan-Macarıstan münasibətlərinin dərinliyini və çoxşaxəli xarakterini bir daha nümayiş etdirir. Bu bəyanat, iki ölkənin oxşar tarixi, geosiyasi və sosial çağırışlara qarşı ortaq mövqedə dayandığını və gələcəyə yönəlik strateji əməkdaşlıqların gücləndiyini göstərir."
Bu fikirləri Modern.az Milli Məclisin deputatı Azər Kərimli deyib.
Deputat bildirib ki, Azərbaycan və Macarıstanı birləşdirən yalnız diplomatik əlaqələr deyil, həm də tarixi, coğrafi və geosiyasi oxşarlıqlardır:
"Hər iki ölkə əhalisinin sayı və ərazisinin ölçüsü baxımından bir-birinə bənzəyir, açıq dənizlərə çıxış imkanlarının məhdudluğu isə onları regional əməkdaşlığa daha çox sövq edir. Müharibə şəraitində olan qonşularla həmsərhəd olmaq, bu iki ölkənin təhlükəsizlik gündəliklərini də oxşarlaşdırır. Belə bir fon, qarşılıqlı anlayış və dəstək üçün təbii zəmin yaradır.
Prezident Əliyevin vurğuladığı kimi, Azərbaycan İkinci Qarabağ müharibəsini beynəlxalq hüquq – xüsusilə də BMT Nizamnaməsinin 51-ci maddəsi çərçivəsində həyata keçirib. Bu vurğu, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmə prosesində hüquqi legitimliyini önə çıxarır."
Millət vəkilinin sözlərinə görə müharibənin qısa müddətdə və uğurla başa çatması, Azərbaycanın hərbi və siyasi iradəsinin gücünün sübutudur:
"Azərbaycanın müharibədən sonra sülh təşəbbüsləri ilə çıxış etməsi, onun konstruktiv və məsuliyyətli aktor olduğunu nümayiş etdirir.
Sülh danışıqlarının təşəbbüskarı kimi Azərbaycanın irəli sürdüyü şərtlər Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının ləğvi və ATƏT-in Minsk qrupunun rəsmən ləğvi – sülhün davamlı olması üçün əsaslı tələblərdir. Bu yanaşma, Azərbaycanın regionda sabitlik və əməkdaşlıq üçün ortaya qoyduğu iradənin göstəricisidir."
Azər Kərimli bildirib ki, Azərbaycan və Macarıstan arasında enerji sahəsində əməkdaşlıq sürətlə inkişaf edir:
"Macarıstanın Azərbaycanın əsas neft və qaz layihələrində pay sahibi olması, iqtisadi tərəfdaşlığın dərinliyini göstərir. Azərbaycanın Avropaya qaz ixrac edən əsas ölkələrdən birinə çevrilməsi, onun enerji təhlükəsizliyi sahəsində strateji aktora çevrildiyini təsdiqləyir. Bununla yanaşı, yaşıl enerji sahəsində də əməkdaşlıq perspektivləri, iqtisadi gündəliyin çevik və gələcəyə yönəlik olduğunu sübut edir.
Macarıstanın Avropa İttifaqı daxilində müstəqil siyasət yürütməsi, onu Azərbaycanın etibarlı tərəfdaşına çevirir. Prezident Əliyevin Viktor Orbanın müstəqil və milli maraqlara əsaslanan siyasətinə verdiyi qiymət, Azərbaycan-Macarıstan münasibətlərinin təkcə iqtisadi deyil, eyni zamanda siyasi və ideoloji yaxınlıqlara söykəndiyini göstərir.
Prezident İlham Əliyevin Macarıstana səfəri zamanı verdiyi bəyanatlar, ikitərəfli əlaqələrin yalnız bu gün üçün deyil, gələcək üçün də strateji mahiyyət daşıdığını təsdiqləyir. Azərbaycan və Macarıstan arasındakı əməkdaşlıq modeli, eyni çağırışlarla üzləşən ölkələrin necə ortaq vizyon formalaşdıra biləcəyinin bariz nümunəsidir."