14 fevralla əlaqəsi olmayan sevgi barədə
Bu elə bir hissdir ki, nə əvvəlin tapa bilərsən, nə sonun. Nə məkanı bəllidir, nə zamanı. Adamı qəfil yaxalayır. Onun qarşısını heç nə ilə ala bilməzsən. Dünya boyda gücün qarşısında əlindən nə gələr ki? Ən yaxşısı və ən gözəli, mən deyərdim, təslim olmaqdır – insani hisslər, duyğular arasında ən möhtəşəmi – misilsizi, vallah, budur. Elə bir hissdir ki, insan adına bu dünyada yaradılan hər şeyi, hər şeyi kölgədə qoyur. Sevgidən danışıram. Nolar ki, qoy mən də bu barədə bir-iki ipucu verim. Heyif ki, yazılarda smaylikdən istifadə eləmək hələ dəbdə deyil. Ona görə də burda uyğun bildiyiniz smayliki təsəvvür etməyə tam ixtiyarınız var.
Lirik hissə qurtardı, keçək əsas fikrə. Əslində, vəziyyət kifayət qədər ciddidir. Yadımdadır, məktəb illərində inşadan çox vaxt sərbəst mövzuları seçərdim. Bu mövzuların arasında vətənə sevgi və ya anaya sevgi kimi oxşar mövzular tez-tez təkrarlanırdı. Mən də bacardığım kimi sevgimi sübut eləməyə çalışardım. Biz o vaxtlar sevgi anlamını yalnız bu yöndən qəbul edərdik. Yəni məktəbliyə təklif olunan bu idi. Bu sözü eşidəndə, işlədəndə çalışardıq üstündən hissiyyatsız, sakit keçək, xüsusi qabartmadan, sönük deyək. Guya da... Belə tərbiyə eləmişdilər. Bizim hisslərlə, özümüzlə tanışlığımız dövründə sevgini belə qablaşdırardılar. Və bu sevgi modelləri arasında bəzən könlümüzdən və fikrimizdən keçəni görmədiyimizdən hesab edərdik ki, bu barədə danışmaq ayıbdır, ona görə də xəlvətcə sevərdik. Allah, sən saxla! İkinci bir smaylik imkanı.
Amma bir məqam da var idi. Sevgimizi birbaş insan amilinə də yönəltmirdilər. O insanın sənin üçün bir adı olmalıydı. İnsan sənin kiminsə olmalıydı ki onu sevəsən. Kifayət qədər maraqlı təklifdir. Hərdən fikirləşirəm ki, bizi demokratik olmağa qoymayan səbəblərdən biri də məhz bununla bağlıdır. Qaydaların insan hüquqlarına uyğunlaşdırıldığı sivil ölkələrdən fərqli olaraq, insan hüquqlarının qaydalara uyğunlaşdırıldığı bizim kimi ölkələrdə yəqin buna görə insan həyatı belə ucuzdur. Sonuncu fikri əsaslandırmaq üçün gözümün qabağında olan arqumentlərin heç biri üzərində dayanmağa lüzum görmürəm, uzunçuluq sayıram. Bu, belədir, vəssalam. Təəssüf ki belədir. Və ümid edirəm ki, hələlik belədir.
Keçən ilin bu günündə üzbəüz qonşumuz hələ sağ idi. Həmin gün səhər də təmiz-səliqəli, nəyinsə göstəricisi olduğundan qoy bunu da qeyd edim, həm də bahalı kostyumunda, bahalı maşınına minib iki mərtəbəli evindən çıxıb çoxlarının qibtə elədiyi işinə getdi. Darvazanın ağzında üz-üzə də gəldik. “Necəsiz?” sualına, yenə “Nüşabə bacı, düzəlmirəm də” dedi. Nevrozu var idi. Bu insanın həyatının pəncərədən görünən mənzərəsi qüsursuzdu – maddi ehtiyac yaşamır, normal ailəsi, övladları, vəzifəsi. Amma adam əziyyət çəkirdi. Nədən danışırdısa danışsın, axırda “bezmişəm insanlardan, başımı götürüb elə yerə getmək istəyirəm ki, orda adam olmasın” deyirdi. Sonra da qardaş-bacısının, yaxınlarının ona qarşı nankorluğundan, hörmətsiz davranmaqlarından, istifadə eləməklərindən şikayətlənirdi. Deyirdi ki, yaşamaq istəyir, amma belə yox. Bir qayda olaraq, vaxtın darlığından, adətən, onun ucunu qoyduğu bu kimi dərin mövzuların müzakirəsini ötüşdürərdik, üstündən keçərdik. Həm də faydasız olduğunu görmüşdük. Çün onu bu həyata bağlayacaq adamlar biz deyildik. Bizim, bir başqa dostun-tanışın, qonşunun göstərəcəyi anlayışı adam məhz özününkülərdən umurdu. Özü demiş, yaşamağa qoymurdular, amma üstlərindən xətt də çəkə bilmirdi. Bunu onun iradəsizliyi kimi də anlamaq olardı. Amma məncə, bu, sevgidən idi – daha doğrusu, sevgisizlikdən. Bu adam özü özünü onları sevməyə məhkum etmişdi, amma qarşı tərəf bunu özünə borc saymırdı, zorla deyildi ki. Məmur olanda nə olar, həssas adam üçün qarşılıqsız sevgi ölüm hökmü kimi bir şeydir. Ona bütün insanları, insanlığı yox, onun kimisə olan insanları sevməyi öyrətmişdilər, o da bu dərsdən 5 almışdı. Qarşı tərəf isə, görünür, həmin gün dərsdə olmayıbmış.
Ötən il fevralın 14-ü axşam özünü dənizə atdı və öldü. Adam sevgisiz yaşaya bilmədiyinə, sadəcə, kimlərisə inandırmaq istədi və bundan ötrü ölümü seçdi.
Bu tarixi bilərəkdən seçməmişdi, imkan onda yaranıbmış. Və indiyədək də gözümüzün qarşısında baş verən bir insan ölümünü özümə, ailəmə, onun ətrafındakılara bağışlaya bimirəm. “Gərək” və “bəlkə”lər hələ də rahatlıq vermir...
Bu yazının yuxarıda qeyd etdiyim kimi son illərin dəbi olan 14 fevral - sevgililər gününə hər hansı bir bağlılığı yoxdur. Sadəcə, elə indi yaza-yaza fikirləşirəm ki, nə fərqi var axı bu tarix hardan və necə gəlir, əsas odur ki, insanlara, insanlığa diqqət oyadır. Olmasın sevgililər günü, olsun sevgi günü. İnsanları, həyatı sevməyin nəyi pisdir axı? Çün mən biləni, sevginin bolluğundan hələ ki şikayət edən olmayıb. Smaylik seçimi yenə də sizdədir...