Müstəqillik Günü münasibətilə Azərbaycanın Niderlanddakı Səfirliyi tərəfindən Haaqa şəhərinin “Marriott” mehmanxanasında rəsmi qəbul təşkil olunub.
Bu barədə Modern.az-a Azərbaycanın Niderland Krallığındakı səfirliyindən məlumat verilib.
Ziyafətdə Niderland tərəfini rəsmi qonaq qismində Haaqa şəhərinin meri Yan van Zanen və Niderland Krallığının Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəisi Erik Vestestrate təmsil edib. Tədbirdə, həmçinin Niderlandın rəsmi qurumlarının, o cümlədən Xarici İşlər Nazirliyinin, parlamentin, müxtəlif nazirliklərin, bu ölkədəki diplomatik korpusun, beynəlxalq təşkilatların, siyasi, iqtiasadi, mədəni, elmi-akademik dairələrin nümayəndələri, eləcə də Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Azərbaycanın tarixi, mədəniyyəti və inkişafını nümayiş etdirən video çarxın təqdimatından sonra Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə tədbiri giriş sözü ilə açıb. Diplomat Müstəqillik Gününün Azərbaycan tarixində rolu, onun böyük bir coğrafi bölgəyə gətirdiyi yeniliklər, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ilk illərində ölkəmizin üzləşdiyi çətinliklər, o cümlədən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ümumilli lider Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin müstəqilliyinin və dövlətçiliyinin gücləndirilməsi, Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyası, iqtisadi inkişaf yoluna qədəm qoyması barədə danışıb. Bu strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan diplomat, dövlət başçımızın məqsədyönlü strategiyası nəticəsində regionun siyasi və iqtisadi mənzərəsinin dəyişdiyi, Azərbaycanın təşəbbüsü ilə regionda strateji enerji və infrastruktur layihələrinin həyata keçirildiyi, bunların Avropa üçün önəmi, habelə ölkəmizin regionun lider dövlətinə çevrildiyi, ərazi bütövlüyünün bərpası və suverenliyinin təmin olunduğu, eləcə də Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olması istiqamətində atılan addımlar barədə məlumat verib.
Diplomat Azərbaycan və Niderland arasında ikitərəfli münasibətlərə toxunub, son aylarda siyasi dialoqun müntəzəm xarakter aldığı, o cümlədən iqtisadi və humanitar sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərindən danışıb. Niderlandda Azərbaycanla əməkdaşlığın potensialı, habelə ölkəmizdə və bölgəmizdəki reallıqlar haqda təsəvvürlərin məhdud olduğunu bildirib, bu səbəbdən intensiv siyasi dialoqun, qarşılıqlı səfərlərin davam etdirilməsinin, iqtisadiyyat və mədəniyyət sahələrində tədbirlərin, mübadilələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Bu xüsusda, bir ay ərzində Haaqa şəhər meriyasının binasında keçirilən Azərbaycan xalçaları sərgisinin yerli ictimaiyyətin Azərbaycan mədəniyyəti ilə tanış olması və xalqlararası təmasların inkişafı baxımından əhəmiyyətini qeyd edib və sərginin keçirilməsinə yaradılmış şəraitə görə Haaqa şəhər meriyasına təşəkkür edib. Təhsil sahəsində əməkdaşlığa da toxunan diplomat son illərdə Niderlandda azərbaycanlı tələbələrin sayının artdığını, bu sahədə uğurlu nümunələrdən biri kimi ADA Universiteti ilə Maastrixt Univeristeti arasında əməkdaşlıq çərçivəsində ikili diplom proqramının həyata keçirildiyini və ADA Universitetinin kampusunda Niderland şirkəti tərəfindən hazırlanmış lalə formasında eko-art dizaynlı turbinin iki ölkə arasında təhsil sektorunda əməkdaşlığın rəmzi olduğunu bildirib.
Sonra çıxış edən Haaqa şəhərinin meri Yan van Zanen müsəlman Şərqində ilk olaraq 1918-ci ildə Azərbaycanda dünyəvi demokratik dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu bildirib, bu respublikanın Azərbaycan tarixində və dövlətçiliyinin inkişafında mühüm yer tutduğunu, bu dövlətçilik ənənələrindən irəli gələrək 1991-ci ildə Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini bərpa etdiyini deyib. Azərbaycanın qədim tarixə və zəngin mədəni irsə malik olduğunu vurğulayan Y. van Zanen rəhbərlik etdiyi Haaqa şəhər meriyasının binasında Azərbaycan xalçaları sərgisinin keçirilməsindən məmnun olduğunu, Azərbaycanın zəngin xalçaçılıq ənənələrinin Avropa mədəniyyətinə də təsir etdiyini, o cümlədən məşhur Niderland rəssamlarının da öz əsərlərində Azərbaycan xalçalarını təsvir etdiklərini və bu məqamın da iki ölkə arasında tarixi bağ olduğunu deyib. Mer bu kimi tədbirlərin iki ölkə arasında münasibətlərin inkişafı üçün əhəmiyyətini vurğulayıb, gələcəkdə də Azərbaycan mədəniyyətinə dair tədbirlərin keçirilməsindən məmnun olacağını deyib.
Son olaraq çıxış edən Niderland Krallığının Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəisi Erik Vestestrate ilk öncə sərbəst danışdığı Azərbaycan dilində Müstəqillik Günü münasibətilə Xarici İşlər Nazirliyi adından təbrikəri çatdırıb. Çıxışını davam etdirən E.Vestestrate iki ölkə arasında son aylarda siyasi dialoqun intensivləşdiyi, xarici işlər nazirləri arasında təmasları, bu ilin fevral ayında Niderlandın xarici işlər nazirinin müavini Marsel de Vinkin Azərbaycana səfəri vaxtı XİN-lərarsı siyasi məsləhətləşmələrin və digər rəsmi görüşlərin keçirildiyini bildirib, bir neçə ay öncə özünün də Bakıya səfəri ilə bağlı xoş təəssüratlarını bölüşüb. Bu təmasların əlaqələrin inkişaf istiqamətlərinin müəyyənəşdirilməsi üçün əhəmiyyətini vurğulayıb. Niderland şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində uğurlu fəaliyyətini qeyd edərək, kənd təssərrüfatı, su idarəetməsi, nəqliyyat, logistika kimi sahələrdə əməkdaşlığın inkişafı üçün geniş potensialdan danışıb. Azərbaycanı uğurlu COP29 münasibətilə təbrik edən E.Vestestrate bu tədbirin ətraf mühit və enerji keçidi kimi sahələrdə də iki ölkə arasında əməkdaşlığa imkanlar açdığını qeyd edib. Son aylarda iki ölkə arasında münasibətlərdəki dinamikadan məmnunluğunu ifadə edərək bunun əlaqələrin inkişafına töhfə verəcəyindən əminliyini bildirib.
Ardınca 21 may tarixində Haaqa şəhər Meriyasının binasındakı “Atrium City Hall”da Səfirlik və “Azərxalça” ASC-nin birgə təşkil etdiyi “Azərbaycan Xalçalarının Möhtəşəmliyi: Sənət Vasitəsilə Öyrənmək” xalça sərgisinin açılış mərasimi ilə bağlı xüsusi video çarx nümayiş olunub.
Tədbirin rəsmi hissəsinin sonunda “Xarıbülbül” rəqs qrupunun ifasında “Naz eləmə”, “Mirzəyi” və “Uzun dərə” kimi Azərbaycan milli rəqsləri təqdim olunub.