Prezident İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” 3 iyun 2019-cu il tarixli fərmanının icrası davam etdirilir.
Fərmanın icrası çərçivəsində daha bir dövlət qurumu – “AzerGold” QSC informasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürüb. Səhmdar Cəmiyyətin əsas rəqəmsal resursları tam şəkildə AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC-yə aid Bakı Data Mərkəzinə yerləşdirilib. “AzInTelecom” “AzerGold”a “Virtual server – IaaS” (İnfrastructure-as-a-Service) və “Rezervlənmə – BaaS” (Backup-as-a-Service) “bulud” xidmətlərinin göstərilməsini təmin edib. Bununla qurum kritik sistemlərin yüksək əlçatanlığına nail olub.
“Hökumət buludu” layihəsi çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom”a məxsus Bakı Əsas və Yevlax Ehtiyat Data Mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların cari İT xərcləri azalır, informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, təkmilləşdirilmiş informasiya təhlükəsizliyinə, dayanıqlı İT infrastrukturuna, keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
“AzInTelecom” “bulud” xidmətləri üzrə beynəlxalq standartları müəyyənləşdirən “TIER III” sertifikatını Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur.